Bu qadağadan sonra yüzlərlə tibb bacısı artıq evlərdə tibbi müdaxilədən imtina edib, binalarda divara vurulan tibb bacısı elanları isə yığışdırılıb.
“Səhiyyə müəssisələrində mümkündür”
TƏBİB-dən verilən məlumata görə, tibb bacılarının ev şəraitində inyeksiya və digər invaziv tibbi müdaxilələri həyata keçirməsi ilə bağlı məhdudiyyətlər səhiyyə sahəsində mövcud olan ümumi normativ-hüquqi çərçivədən irəli gəlir: “Əsas məqsəd ev şəraitində tibbi müdaxilələr zamanı yarana biləcək risklərin – xüsusilə anafilaktik şok, kəskin allergik reaksiyalar, infeksiya və digər ağırlaşmaların qarşısının alınması, həmçinin pasiyent təhlükəsizliyinin təmin edilməsidir. Ambulator xəstələr üçün inyeksiyalar yalnız həkim tərəfindən verilmiş rəsmi tibbi təyinat əsasında həyata keçirilə bilər. Bu prosedurlar dövlət və ya özəl səhiyyə müəssisələrində – poliklinikalarda, ailə sağlamlıq mərkəzlərində, ambulator-prosedur otaqlarında, kənd həkim məntəqələrində və digər uyğun tibbi strukturlarda icra olunur. İnyeksiyanın icrası müvafiq ixtisaslı orta tibb işçiləri (tibb bacısı, feldşer) tərəfindən, müəyyən edilmiş tibbi standartlara, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir. Tibbi praktikada inyeksiya prosedurları zamanı aseptika, antiseptika və pasiyentin ümumi vəziyyətinin qiymətləndirilməsi vacib şərtlər hesab olunur. Bu tələblərin tam təmin edilməsi isə səhiyyə müəssisələrində mümkündür”.
“Burada səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil”
“Region və kənd yerlərində bu qərarın icrası üçün mövcud infrastruktur kifayət edirmi?” sualına gəldikdə, qurumdan bildirildi ki, regionlar və xüsusilə kənd yerləri üzrə səhiyyə infrastrukturunun səviyyəsi bərabər deyil: “Bəzi yaşayış məntəqələrində prosedur otaqlarının, ambulator mərkəzlərin və ya tibb məntəqələrinin əlçatanlığı məhdud ola bilər. Bu isə praktiki baxımdan əlavə çətinliklər yaradır”.
“Ümumi istisna mexanizmləri müəyyən edilməyib” (mətndə bu sitat yoxdur, aşağıda da eyni mənzərədir)
TƏBİB-dən bildirildi ki, tibbi baxımdan hərəkət qabiliyyəti məhdud və xroniki xəstələrdə belə invaziv müdaxilələrin ev şəraitində icrası xüsusi risk qiymətləndirilməsi aparılmadan məqsədəuyğun hesab edilmir.
“Tibb bacısının evdə xidmət göstərməsi zəruridir”
Adının açıqlanmasını istəməyən, 30 illik iş təcrübəsi olan tibb bacısı bildirir ki, TƏBİB-in bu qərarında mütləq düzəlişlər olmalıdır: “Bəziləri yataq xəstəsidir və iynə üçün xəstəxanaya getməsi praktiki olaraq mümkün deyil. İnsanlar hər inyeksiya üçün xəstəxanaya üz tutmalıdırlar? Xəstəxana bu qədər insanı qarşılaya biləcəkmi? Bəzi xəstələr lift olmadan, çətinliklə hərəkət edirlər. O xəstələr gündə iki dəfə necə tibb müəssisəsinə gedə bilərlər? Bu baxımdan, tibb bacısının evə gedib xidmət göstərməsi həm praktik, həm də zəruridir”.
“Qərara dəyişiklik edilməlidir”
Həmsöhbətimiz deyir ki, əgər tibb bacısı savadlı, sertifikatlı və dövlət xəstəxanasında işləyirsə, müəyyən protokollar əsasında evdə xidmət göstərə bilər: “Təcrübəmdə elə xəstələr olub ki, əməliyyatdan sonra inyeksiyaları gecə saat 3-də lazım olurdu. Xəstəxanada tibb bacısı var, amma xəstə evə yazıldıqda həmin inyeksiyanı kim vuracaq? Əgər yaxınlıqda sertifikatlı tibb bacısı varsa, niyə ona xidmət göstərməyə icazə verilməsin? Əməliyyat olunmuş xəstə gecə saat 3-də yenidən xəstəxanaya getməlidir?”
“Məqsəd pasiyent təhlükəsizliyini qorumaqdır”
Millət vəkili Müşfiq Məmmədli açıqlamasında bildirdi ki, qadağanın mahiyyəti ev şəraitində qeyri-rəsmi tibbi müdaxilələrin (iynə, sistem və s.) riskli olması ilə bağlıdır: “Evdə tibb bacısı xidmətinə qoyulan qadağanın əsas səbəbləri arasında sterillik və infeksiya riski, anafilaktik şok kimi ciddi fəsadlar zamanı təcili yardım imkanının olmaması və tibbi sənədləşmənin qeyri-müəyyənliyi göstərilir. Yəni məqsəd cəzalandırmaq deyil, pasiyent təhlükəsizliyini qorumaqdır”.
Cəzalandırma mexanizminə gəldikdə isə, millət vəkili vurğulayır ki, hazırda açıq mənbələrdə “evdə iynə vurduğuna görə konkret cərimə” tətbiqi barədə mexanizm yoxdur. Praktikada belə hallar “Lisenziyasız tibbi fəaliyyət” və ya “Sanitar-epidemioloji qaydaların pozulması” maddələri çərçivəsində qiymətləndirilə bilər ki, xəbərdarlıqdan cəriməyə qədər dəyişir.
“Ən böyük problem kənd və qəsəbələrdədir”
M.Məmmədli bildirir ki, bu qərarla bağlı ən böyük problem bəzi kənd və qəsəbələrdə tibb məntəqəsinin olmamasıdır: “Olan yerlərdə isə iş saatları məhduddur. Yataq xəstələri, yaşlılar, əlillər üçün ora getmək faktiki mümkün deyil. Bu reallıqda “evə tibb bacısı gəlməsin” demək alternativ təqdim olunmadan sosial gərginlik yaradır. Qadağa ilə yanaşı mexanizmlər qurulmalıdır. Məsələn, ailə sağlamlıq mərkəzləri və poliklinikalar yanında evdə xidmət qrupları yaradılmalıdır. Tibb bacısı qurum adından və qeydiyyatla getməlidir. Həkim arayışı olan pasiyentlər üçün evdə inyeksiya istisna hal kimi qanuniləşdirilməlidir. “103” və ya “TƏBİB xətti” üzərindən planlı (təcili olmayan) evdə sistem vurma xidməti fəaliyyət göstərməlidir”.
“Bu müdaxilələr klinik şəraitdə icra olunmalıdır”
Sosial ekspert İlqar Hüseynli deyir ki, dünyada bu cür müdaxilələr yalnız rəsmi, protokollu və klinik şəraitdə icra olunur: “Məsələn, Almaniyada xüsusi təlim keçmiş tibb bacıları tam təchiz olunmuş nəqliyyat vasitələri ilə kənd və ucqar bölgələrdə belə təhlükəsiz xidmət göstərirlər. Azərbaycanda isə mərkəzləşdirilmiş belə sistemlər olmadığından evdə inyeksiya ciddi tibbi risk daşıyır”.
Məlumat üçün bildirək ki, tibb müəssisəsindən kənarda tibbi xidmətin göstərilməsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) və İlkin Səhiyyə Xidməti (İSX) çərçivəsində mümkündür. Tibb bacısının həkimin müşahidəsi altında lazımi şərait olduqda evdə inyeksiyanı icra etməsi qanunvericiliklə məhdudlaşdırılmır.
Bəs xarici təcrübə nə deyir?
Böyük Britaniya, Almaniya, Fransa, İsveç və digər Avropa ölkələrində evdə tibbi xidmətlər (home care) geniş yayılıb. Ev şəraitində inyeksiya yalnız tibb bacısı və ya evdə xidmət göstərən həkim nəzarəti altında icra olunur. Evdə xidmətlər üçün rəsmi qaydalar və protokollar mövcuddur: tibb bacısının lazımlı avadanlıqları olmalı, fövqəladə vəziyyətlər üçün təcili yardım çağırışı mümkün olmalıdır. Bu xidmətlər ya dövlət tərəfindən, ya da sığorta çərçivəsində ödənilir, vətəndaşın şəxsi təhlükəsizliyi ön plandadır.
Evdə xidmətin olmadığı və ya qadağan edildiyi ölkələrdə, bu boşluğu kompensasiya etmək üçün regionlarda ambulator xidmətlər və mobil tibbi qruplar mövcuddur. Evdə inyeksiyanın qadağan edilməsi nadir hallarda olur və adətən risklərin çox yüksək olduğu yerlərdə tətbiq edilir. (“Kaspi” qəzeti)























