Toy mərasimlərinin keçirilməsi ilə bağlı 120 nəfərlik limit tətbiq olunacağı barədə məlumat yayılıb.
Bu məlumat xüsusilə toy hazırlığında olan və şadlıq saraylarında məclis keçirməyi planlaşdıran şəxslər arasında müəyyən suallar yaradıb.
Sözügedən məhdudiyyətin hansı əsasla tətbiq ediləcəyi, bunun bütün şadlıq saraylarına aid olub-olmadığı və artıq planlaşdırılmış toy mərasimlərinə təsir edib-etməyəcəyi də maraq doğurur.
Maraqlıdır, hazırda şadlıq saraylarında toy mərasimləri üçün belə bir məhdudiyyət tətbiq edilirmi?
Məsələ ilə bağlı “Cebheinfo.az” bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.
“Altun Saray”dan bildirilib ki, 120 nəfərlik limitin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb:
“Lakin hazırda şadlıq sarayında belə bir limit tətbiq edilmir”.
“Xan Saray”dan bildirilib ki, hazırda belə bir məhdudiyyət yoxdur və toy mərasimləri əvvəlki qaydada, istənilən sayda qonaqla keçirilir.
“Absheron Palace”dan da bildirilib ki, hazırda toy mərasimlərində 120 nəfərlik limit tətbiq olunmur.
