Bir vaxtlar toya dəvət almaq insana xoş ovqat bəxş edirdi. Kiminsə sevincinə şərik olmaq, qohum-əqrəba, dost-tanışla görüşmək, musiqi sədaları altında bir neçə saat xoş vaxt keçirmək həyatın ən gözəl adətlərindən idi. Toy dəvətnaməsi gələndə əsas sual bu olurdu. Nə vaxtdır, harada keçirilir?
İndi isə mənzərə bir qədər dəyişib. Dəvətnaməni alan adamın ağlından ilk keçən sual bəzən heç toyun harada keçirilməsi də olmur:
Görəsən, ora getmək mənə neçəyə başa gələcək?
Bəli, toy qonağı olmaq da bahalaşıb. Hətta elə bir həddə çatıb ki, insanlar dəvət aldıqları toya getmək istəyirlər, amma maddi imkanları buna yol vermir. Bir vaxtlar sevincə şərik olmaq üçün gedilən toylar indi bəziləri üçün ciddi maliyyə sıxıntısına çevrilib.
Gəlin, adi bir vəziyyəti təsəvvür edək:
Bir ailəyə toy dəvətnaməsi gəlir. Ailənin iki yetkin üzvü toya dəvət olunub. Onlar düşünürlər ki, gedəcəkləri toyda adambaşına düşən masa xərci nə qədərdir? Restoranın səviyyəsi necədir? Toy sahibi bir masaya nə qədər pul ödəyib? Bəs biz nə qədər pul salmalıyıq ki, həm ayıb olmasın, həm də ev sahibinin xərcinə az da olsa kömək edək?
Beləcə, toy dəvətnaməsini alan adamın ilk işi xərclərini hesablamaq olur. Əvvəllər qonaq imkanına uyğun pul yazdırardı. Kimin imkanı çox idisə, çox, az idisə, az. Əsas məsələ diqqət göstərmək, münasibəti qorumaq, sevincə şərik olmaq idi. İndi isə bəzi toy məclislərində masa qiymətləri o qədər yüksəlib ki, qonaq özünü sanki restoranın xərclərini ödəməyə məsul şəxs kimi hiss edir.
Təsəvvür edin, toy sahibi bahalı restoranda məclis təşkil edir. Menyuda çox sayda müxtəlif çeşidli yeməklər, bahalı içkilər, xaricdən gətirilən məhsullar, dəbdəbəli şirniyyatlar, meyvələr... Bir sözlə, hər şey bol və təmtəraqlı olsun istəyir. Nəticədə bir nəfərlik masa qiyməti də kifayət qədər yüksək olur.
Bəs həmin restorana dəvət edilən qonağın maddi vəziyyəti necədir? Onun maaşı, ailə büdcəsi, gündəlik xərcləri nəzərə alınıbmı? Əlbəttə ki, yox...
Qonaq ayın sonunda kommunal xərcləri, kreditləri, uşaqların məktəb və digər ehtiyaclarını düşünür. Bir də baxır ki, qarşıda toy var və orada yazdırmalı olduğu məbləğ onun həftəlik qazancına bərabərdir.
Belə olan halda insanın toya getməkdən imtina etməsi heç də təəccüblü deyil.
Toy sahibi öz istəyinin xərcini qonağın cibindən çıxarmamalıdır...
Burada mühüm bir məqam var. Toy keçirmək şəxsi qərardır, onun necə və harada təşkil olunması da toy sahibinin seçimidir. Kimsə sadə restoranda, kimsə dəbdəbəli məkanda toy etmək istəyir. Buna heç kimin etirazı yoxdur. Ancaq problem ondadır ki, bəzi insanlar öz dəbdəbəli seçimlərinin maliyyə yükünü dolayısı ilə qonaqların üzərinə qoyurlar.
Toy sahibinin fikri belə olur. Restoran və menyu bahalıdır, musiqiçilərə, aparıcıya, dekorasiyaya xeyli pul xərclənib. Qonaqlar da elə pul yazdırmalıdırlar ki, heç olmasa, masa xərclərinin bir hissəsi çıxsın.
Amma bir məqam unudulur. Qonaq toy sahibinin xərclərini əvvəlcədən hesablayıb üzərinə götürməyib. O, sadəcə yaxın insanının xoş gününə dəvət olunub. Restoranın bahalılığını, menyunun qiymətini, əlavə xidmətlərin xərcini müəyyənləşdirən də qonaq deyil. Buna baxmayaraq, bəzən ondan gözlənilir ki, bütün bu xərcləri nəzərə alaraq pul yazdırsın. Halbuki hər kəsin maddi imkanı eyni deyil və heç kimin başqasının dəbdəbəli seçimlərinə görə çətin vəziyyətə düşməsi doğru deyil.
Dəvət alıb getməyən toy sahibinə hörmətsizlik edir?
Cəmiyyətdə belə bir yanaşma da var. Toya dəvət almısansa, mütləq getməlisən. Getməsən, hörmətsizlik etmiş olursan. Hətta bəzən dəvətə gəlməyən şəxsin bu davranışı münasibətlərin pozulması üçün səbəbə çevrilir.
Gəlin bir az da həyatın reallıqlarına baxaq.
İşini itirmiş, ailəsini bir maaşla dolandıran, kredit borcu, kirayə haqqı, müalicə xərcləri ilə yaşayanlar, övladının təhsil haqqını ödəməkdə çətinlik çəkənlər var. Bəzən insanın toya getmək üçün geyim almağa, yol xərcinə, hədiyyəyə, üstəlik, toyda pul yazdırmağa imkanı çatmır.
Belə bir adama dəvət göndərib sonra onun gəlməməsini şəxsi təhqir kimi qəbul etmək nə qədər doğrudur?
Bəlkə də həmin insan gəlmək istəyir, amma cibindəki pul buna imkan vermir. Bəlkə də toy sahibinə hörmətindən imtina səbəbini açıq deməyə utanır. Bəlkə də son qəpiyini xərcləməkdənsə, ailəsinin ehtiyacını qarşılamağa üstünlük verir.
Halbuki insanın maddi imkanları onun dostluğunun, qohumluğunun, sədaqətinin ölçüsü deyil. Kiminsə toyda az pul yazdırması, yaxud ümumiyyətlə iştirak edə bilməməsi ona qarşı münasibəti dəyişmir.
Toy dəbdəbəsi kimə lazımdır?
Bir başqa məsələ də toyların getdikcə nümayiş meydanına çevrilməsidir. Bəzən toyun necə keçməsi deyil, necə görünməsi daha vacib olur. Hansı restoranda keçirildi? Menyu neçə manatdır? Hansı müğənni dəvət olundu? Masa necə bəzədildi? Hansı tanınmış simalar iştirak etdi?
Sanki toyun uğuru qonaqların xoşbəxt ayrılması ilə deyil, xərclənən pulla ölçülür. Bir-biri ilə yarışan toy sahibləri daha bahalı restoran, daha zəngin menyu, daha möhtəşəm dekorasiya seçməyə çalışırlar. Biri bahalı menyu sifariş edirsə, digəri ondan geri qalmaq istəmir. Biri tanınmış müğənni gətirirsə, o biri daha məşhurunu axtarır.
Ən maraqlısı odur ki, bu dəbdəbənin böyük hissəsi toy başa çatdıqdan sonra unudulur. Bir neçə saatlıq nümayiş üçün çəkilən xərclər isə bəzən ailənin uzun müddət ödəməli olduğu borca çevrilir. Üstəlik, bu dəbdəbə qonaqlara da əlavə maliyyə yükü yaradır. Beləliklə, bir ailənin təmtəraqlı toy keçirmək arzusu onlarla, yüzlərlə insanın büdcəsinə təsir edir. Bu, artıq şəxsi seçim olmaqdan çıxaraq sosial problemə çevrilir.
Çıxış yolu nədir?
Bəlkə də bu məsələnin çıxış yolu bir az sadə düşünməkdən, toyun təmtərağına deyil, mahiyyətinə önəm verməkdən, qonağın cibindəki pula yox, gəlişinə dəyər verməkdən keçir.
Axı heç kim dostunun və ya qohumunun sevincinə şərik olmaq naminə öz büdcəsini çətin vəziyyətə salmalı deyil. Eyni zamanda, heç bir toy sahibi də öz seçdiyi dəbdəbənin xərcini qonaqların üzərinə qoymalı deyil.
Görünür, biz toyları bahalaşdırdıqca, onlara getməyi də çətinləşdiririk. Ən acınacaqlısı isə odur ki, bir vaxtlar insanları bir süfrə arxasında birləşdirən toylar indi bəzilərini həmin süfrədən uzaq salır.
Elə bir gün gəlib ki, insan dostunun toyuna getmək üçün yox, getməmək üçün bəhanə axtarır.../bizim.media/
