"Bu ərazilərdə kommunal xidmətlərin qiyməti aşağı düşə bilər"

“Azərbaycanda kəndlərə qayıdışı təşviq etmək və bölgələrdə məskunlaşmanı artırmaq üçün kompleks dövlət siyasətinə ehtiyac var. Bunun üçün kommunal xidmətlər üzrə daha aşağı tariflər tətbiq edilməli, kəndlərdə ev almaq və tikmək asanlaşdırılmalı, gənc ailələrə əlavə güzəştlər verilməlidir”.

Referans Media xəbər verir ki, bu barədə deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, kəndlərdə yaşayışın cəlbedici olması üçün yalnız maliyyə güzəştləri kifayət etmir.

İnsanların gündəlik həyatını asanlaşdıran sosial və infrastruktur imkanları da yaradılmalıdır.

Onun sözlərinə görə, kənd yerlərində kommunal xidmətlərə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilməlidir:

“Kənddə yaşayışı stimullaşdıran dövlət siyasətinə keçilməlidir. Kənddə ev almaq və tikmək daha asan olmalıdır. Xüsusilə gənc ailələr kəndlərə köçdükdə onlar üçün əlavə imkanlar yaradılmalıdır. Kənddə investisiya qoyuluşu daha əlçatan olmalı, güzəştli faizlər tətbiq edilməlidir”.

Razi Nurullayev qeyd edib ki, güzəştli kredit və digər maliyyə dəstəyi tədbirləri problemin həlli üçün təkbaşına yetərli deyil. Kəndlərdə ictimai nəqliyyat, səhiyyə və təhsil xidmətlərinin keyfiyyəti də yüksəldilməlidir.

Deputatın fikrincə, kəndə köçən ailələr övladlarının təhsili və digər sosial ehtiyacları ilə bağlı narahatlıq yaşamamalıdırlar.

“İnsan kəndə qayıdırsa, övladının təhsilindən narahat qalmamalıdır. İctimai nəqliyyat, tibb müəssisələri, məktəb və bağçalar yüksək səviyyədə olmalıdır. Ev, kommunal xidmətlər, məşğulluq və infrastruktur vahid proqram çərçivəsində birləşdirilməlidir”.

Deputat vurğulayıb ki, əsas məqsəd şəhərdə yaşayan insanların kəndə köçməyi özləri və ailələri üçün rahat həyat seçimi kimi görməsinə nail olmaqdır. Bunun üçün kəndlərdə həm yaşayış, həm də işləmək imkanları genişləndirilməlidir./Sfera.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki