ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına geri qayıtması ilə bağlı verdiyi müsbət mesaj İsraildə ciddi narahatlıq yaradıb. Tel-Əviv rəhbərliyi Ankaranın beşinci nəsil döyüş təyyarələrinə çıxış əldə etməsinin qarşısını almaq üçün diplomatik səyləri artırıb.
Referans Media xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu Türkiyənin F-35 proqramına dönüş məsələsini Tramp ilə müzakirə etmək üçün gələn həftə ABŞ-a səfər etməyə hazırlaşır.
İsrail mətbuatında yayılan məlumatlara görə, İsrail təhlükəsizlik kabinetində ABŞ-Türkiyə arasındakı F-35 danışıqları ilə bağlı xüsusi müzakirələr aparılıb. Tel-Əvivin əsas məqsədi Vaşinqtonun Türkiyəyə bu təyyarələrin satışını tamamilə dayandırmasına nail olmaqdır.
İsrail alternativ plan hazırlayır
İsrail tərəfi hesab edir ki, Türkiyənin F-35-lərə sahib olması bölgədəki hərbi balansı dəyişə bilər. Buna görə də rəsmi Tel-Əviv satışın qarşısını ala bilməyəcəyi təqdirdə alternativ variant üzərində işləyir.
İddialara görə, İsrail bu halda Türkiyəyə veriləcək F-35-lərin texniki imkanlarının məhdudlaşdırılmış versiyasının təqdim edilməsinə çalışacaq.
İsrailli yüksək vəzifəli şəxslər bildiriblər ki, ABŞ Prezidenti Tramp təyyarələrin təhvilindən əvvəl müəyyən şərtlər irəli sürə bilər. Onların sözlərinə görə, F-35 proqramının müxtəlif versiyaları mövcuddur və İsrail bu prosesə təsir göstərməyə çalışacaq.
Netanyahu Trampdan qərarı dəyişməsini istəyəcək
Məlumata əsasən, Netanyahu yaxın günlərdə ABŞ-a səfər edərək Tramp administrasiyası ilə F-35 məsələsini müzakirə edəcək. İsrail rəhbərliyi ABŞ Konqresi ilə də əməkdaşlıq edərək Türkiyənin proqrama qayıtmasının qarşısını almağa çalışacaq.
Tel-Əviv öz mövqeyini ABŞ qanunvericiliyində yer alan “keyfiyyətli hərbi üstünlüyün qorunması” prinsipi ilə əsaslandırır. Bu mexanizm İsrailin Yaxın Şərqdə hərbi üstünlüyünün saxlanılmasını nəzərdə tutur.
Trampın açıqlaması Ankarada müsbət qarşılanmışdı
Qeyd edək ki, NATO Zirvəsi çərçivəsində Ankara səfəri zamanı Donald Tramp Türkiyənin F-35 proqramına dönüşü ilə bağlı müsbət açıqlamalar vermişdi.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyərək, “Türkiyə ən yaxşı hərbi texnikalara sahib olacaq, F-35-ləri alacaqlar” ifadələrini işlətmişdi.
Bu açıqlama Türkiyədə böyük rezonans doğurarkən, İsraildə isə narahatlıqla qarşılanıb. Hazırda F-35 məsələsi ABŞ, Türkiyə və İsrail arasında yeni diplomatik mübarizə mövzusuna çevrilib.
