“Caspian Protektor” gəmisinin və “Leyla Medical Center”in həkim Tural Sultanovun Xəzər dənizində itkin düşməsindən 78 gün keçir. Axtarışlar heç bir nəticə vermir.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (ozünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Turalın anası Aygün xanım isə oğlunun gəmidə müddətdən artıq qalması ilə bağlı (66 gün) heç bir rəsmi sənədin olmamasını bildirir: “Gəmiyə yollandığı zaman 1(bir) aylıq rəsmi sənədə imza atırdı. Ümumiyyərlə, 3 ay içərisində Turalın 6 ilə yaxın çalışdığı klinikadan və BUE CASPİAN LTD şirkətinə məxsus “Caspian Protektor” gəmisindən suallarımıza heç bir cavab ala bilmirik. Biz param-parçayıq, dağ boyda oğlumuz yoxdur. Deyirlər ki, hərəkətlərində dəyişiklik vardı və bu barədə gəmi kapitanına məlumat verilmişdi. Əgər belə bir hal vardısa, bizim övladımızı niyə gəmidə saxlayırdılar və bu barədə nədən ailəsinə məlumat verilmirdi? Deyirlər ki, hava şəraiti əlverişli deyildi. Bu nə məntiqdir? Axı dənizdə hər gün fırtına olmur, insan həyatına necə bu qədər məsuliyyətsiz yanaşmaq, “hava şəraiti əlverişli deyildi” cavabını verib, məsuliyyətdən yayınmaq olar? Bizim övladımızın yerində başqa biri də ola bilərdi”…
Tural Sultanovun əmisi qızı, jurnalist Ağanisə Sultanova deyir ki, Tural itkin düşməmişdən bir gün əvvəl-sentyabrın 26-da anası ilə danışıb. Anası oğlunun səsində, danışığında heç bir dəyişiklik hiss etməyib: “Həmişə olduğu kimi danışdıq. Dənizin ortasında rabitə çətin olduğu üçün, hətta əlavə internet paket alırdı. Məndən, atasının səhhətindən narahat olurdu. Nə baş verdi, səbəb nə oldu, bir gün əvvəl danışdığım balam niyə intihar etsin? O boyda dənizin ortasından balamızı necə gedib xilas edək, çarəsizik”…
Ailəsi, onu tanıyanlar bu hadisədə Turalın intihar etməsi versiyasını qəbul etmirlər. Turalı tanıyanlar onun ağlına, zəkasına yaxşı bələd olduqları üçün bunu qeyri-mümkün hesab edirlər. Hamı ondan ötrü darıxır. Hər kəs möcüzəyə ümud edir…
Sima Babayeva




















