Xəzərin səviyyəsi nə vaxt qalxacaq? Ənvər Əliyev tarix açıqladı: Hər kəs buna hazır olsun!

Son illər dünyada və Azərbaycanda quraqlıq, su ehtiyatlarının azalması və susuzluq təhlükəsi ilə bağlı narahatlıqlar geniş müzakirə olunurdu. Hətta bəzi ekspertlər gələcəkdə ciddi su qıtlığının yarana biləcəyi barədə xəbərdarlıqlar edirdilər. Lakin son aylarda vəziyyət tam fərqli istiqamətdə dəyişib. Azərbaycanda intensiv yağışlar demək olar ki, dayanmaq bilmir, bir sıra bölgələrdə sel və daşqınlar müşahidə olunur. Bəs baş verənlər iqlim dəyişikliyinin nəticəsidir, yoxsa təbiətin dövri qanunauyğunluğu?

Referans Mediaya açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, kainatda və təbiətdə bütün proseslər dövrlər üzrə dəyişir:

“Uzun illərdir iqlim dəyişiklikləri, istiləşmə və digər proseslərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Mən həmişə hesab etmişəm ki, burada əsas məsələ təbiətin dövrlər üzrə dəyişməsidir. Kainatın və Yer tarixinin özünə baxanda görürük ki, son dövrlərdə bir neçə dəfə buzlaşma və istiləşmə mərhələləri olub. Bu, təbiətin qanunudur”.

Mütəxəssis bildirib ki, Xəzər dənizində də uzun illərdir təkrarlanan dövri dəyişikliklər müşahidə olunur:

“Xəzərdə təxminən hər 35-45 ildən bir rütubətli və quraqlıq dövrləri bir-birini əvəz edir. 1970-ci illərdə də ciddi quraqlıq dövrü olmuşdu. Sonradan isə Xəzərin səviyyəsi yüksəlməyə başladı və sahilboyu infrastruktura ciddi ziyan vurdu. Lənkəran istiqamətində dəmir yollarının su altında qalmasını öz gözlərimlə görmüşəm”.

Ənvər Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda yağıntı norması xeyli artıb:

“Bakıda illik yağıntı norması təxminən 200-270 millimetrdir. Hazırda isə normadan xeyli artıq yağıntı düşür. Bu, artıq rütubətli dövrə keçidin göstəricilərindən biridir”.

Ekspert qeyd edib ki, Azərbaycana müxtəlif istiqamətlərdən hava kütlələri daxil olur və xüsusilə Atlantik okeanından gələn rütubətli hava axınları hazırda bölgədə yağıntıların artmasına səbəb olur:

“Azor maksimumu adlandırılan hava sistemi Atlantik okeanından böyük həcmdə rütubət gətirir. Bu hava kütlələri təkcə Azərbaycana deyil, Rusiyanın cənubuna, Orta Asiyaya və Yaxın Şərqə qədər təsir göstərir”.

Onun sözlərinə görə, yaxın illərdə daha rütubətli dövr müşahidə oluna bilər:

“Hazırda yağıntılar illik normadan təxminən bir yarım, bəzi yerlərdə isə iki dəfəyə yaxın çoxdur. Qar ehtiyatı da kifayət qədər artıb. Bu proseslər davam edərsə, Volqa və digər çayların sululuğu artacaq, nəticədə Xəzər dənizinin səviyyəsi də yenidən yüksəlməyə başlayacaq”.

Ənvər Əliyev hesab edir ki, baş verən proseslər təbiətin normal dövri dəyişiklikləridir və burada qorxulu heç nə yoxdur:

“Təbiət həmişə öz qanunları ilə işləyir. Quraqlıq dövrünü rütubətli dövr əvəz edir, sonra yenidən dəyişir. Bu proseslər tarix boyu olub və bundan sonra da davam edəcək”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki