Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub.
Referans Media xəbər verir ki, çəkiliş aparmaq istəyən media qurumları hadisəni işıqlandırmaq məqsədilə əraziyə yollanıblar. Bu zaman toy sahibləri çəkilişə etiraz edərək televiziya əməkdaşlarına hücum edib, onlara qarşı zorakılıq tətbiq ediblər.
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçiriləcəyi barədə daxil olmuş məlumat əsasında polis tərəfindən araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Referans Media -a bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Araşdırma zamanı nişan mərasimi planlaşdırılan qızın oktyabr ayında 18 yaşının tamam olacağı müəyyən edilib.
Polis əməkdaşları, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri oğlan və qızın valideynləri ilə profilaktik söhbətlər aparıblar. Onlara nikah yaşına çatmayan şəxslərlə bağlı bu cür mərasimlərin keçirilməsinin qanunvericiliyə zidd olduğu izah edilib.

