Polis onlarla meyit tapdı, araşdırma başlandı

ABŞ-ın Çikaqo şəhərində yerləşən dəfn evində düzgün saxlanılmayan 56 meyitin qalıqları aşkarlanıb. Cəsədlərin bir hissəsi soyuducu avadanlığı olmayan otaqlarda saxlanılıb və güclü şəkildə çürüməyə başlayıb.

Referans Media xəbər verir ki, hadisə barədə “Associated Press“ Çikaqo polisi, Kuk dairəsinin məhkəmə-tibbi xidməti və İllinoys ştatının tənzimləyici qurumlarına istinadən məlumat yayıb. İş üzrə hələlik saxlanılan yoxdur. 

Məlumata görə, ətrafdakı evlərin sakinləri bir neçə ay ərzində binadan gələn kəskin və ağır qoxudan şikayət ediblər. Lakin pozuntuların miqyası yalnız yoxlama zamanı üzə çıxıb. Binanın daxilində gəmiricilərin və həşəratların izləri də aşkarlanıb.

Faktla bağlı dəfn mərasimlərinin təşkilatçısı Coanna Morqanın lisenziyası müvəqqəti dayandırılıb. Tənzimləyici qurum onun fəaliyyətini davam etdirməsinin ictimai maraqlar və təhlükəsizlik üçün risk yaratdığını bildirib.

Onun həyat yoldaşı Klark Morqan dəfn bürosunu idarə edən şirkətin prezidenti kimi göstərilib. Klark Morqanın peşəkar lisenziyası isə müddəti bitmiş icazə ilə fəaliyyət göstərdiyinə və peşə tələblərini pozduğuna görə hələ 2024-cü ildə ləğv edilib.

Cütlük daha əvvəl Çikaqo ətrafında krematorium da idarə edib. Nəzarətçilər orada düzgün saxlanılmayan meyitlər və ölənlərin ailələrinə təhvil verilməmiş yüzlərlə kül qabı aşkar etdikdən sonra həmin müəssisənin də lisenziyası ləğv olunub.

Müəssisə sahibləri krematoriumun fəaliyyəti ilə bağlı bir sıra mülki məhkəmə iddialarında da cavabdeh qismində çıxış edirlər.

Meyit qalıqları aşkarlandıqdan sonra dəfn evinin qarşısına mərhumların yaxınları toplaşmağa başlayıb. Onların bəziləri öz doğmalarının cəsədlərinin də binada aşkarlananlar arasında olub-olmadığını bilmir.

İstintaqçılar pozuntuların nə qədər müddət davam etdiyini müəyyənləşdirməli və cinayət işi üzrə ittiham irəli sürmək üçün əsasların olub-olmadığını araşdırmalıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki