Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Rerferansaz.az xəbər verir ki, bununla bağlı parlamentin dünən və bu gün keçirilən plenar iclaslarında layihə müzakirə edilib. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub. Gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.
Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur. 2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir. Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur. Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.






















