image-komunal-bina-yeni-tikilibackend

“Jek pulu” və “komendant pulu”na son: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

Nazirlər Kabinetinin yerli icra hakimiyyətlərinin tabeliyində Vahid Mənzil Kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı qərarı mənzil-kommunal sektorunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Uzun illərdir fəaliyyəti ilə bağlı narazılıqların səsləndirildiyi MKİS-lərin gələcəyi, eləcə də “JEK pulu” və “komendant pulu” kimi ödənişlərin taleyi bu qərardan sonra ictimai müzakirələrin mərkəzinə çevrilib.

Referans Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən yerli icra hakimiyyəti başçılarının tabeliyində Vahid Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi – Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılacaq. Yeni qurum mövcud Mənzil Kommunal İstismarı Sahələrinin (MKİS) bazasında formalaşdırılacaq. Artıq bununla bağlı hüquqi-normativ aktların və digər zəruri mexanizmlərin hazırlanmasına başlanılıb.

Qərarın açıqlanmasından sonra bir sıra suallar aktuallaşıb. Xüsusilə MKİS-lərin gələcək fəaliyyəti, eləcə də vətəndaşlar arasında “JEK pulu” və “komendant pulu” kimi tanınan ödənişlərin necə tənzimlənəcəyi maraq doğurur.

Məsələ ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, yeni qurum MKİS-lərin bazasında yaradıldığı üçün bu müəssisələrin ləğvi gözlənilmir. Əksinə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

image-elnur-ferzeliyev

Ekspertin sözlərinə görə, yeni təşkilat yalnız dövlət mənzil fondunu deyil, eyni zamanda fərdi yaşayış evlərini və xüsusi mülkiyyət obyektlərini də əhatə edəcək. Bu isə işçi heyətinin genişləndirilməsini zəruri edir.

Elnur Fərzəliyev qeyd edib ki, yeni ştatların formalaşdırılmasında ən real namizədlər məhz bu sahədə təcrübəsi olan Mənzil Kommunal Təsərrüfatı işçiləri olacaq və böyük ehtimalla işə qəbul prosesi də bu istiqamətdə aparılacaq.

Mütəxəssislərin fikrincə, yaradılacaq yeni qurum MKİS-lərin ləğvi deyil, onların funksional baxımdan yenilənməsi və mərkəzləşdirilmiş formada idarə olunması məqsədi daşıyır. Dövlət, fərdi və xüsusi mülkiyyət obyektlərini əhatə edən bu modelin tətbiqi xidmət keyfiyyətinin yüksəlməsinə və məsuliyyət mexanizmlərinin gücləndirilməsinə şərait yarada bilər. Lakin islahatların real nəticə verməsi üçün şəffaflıq, ödənişlərin aydın tənzimlənməsi və vətəndaş nəzarətinin təmin edilməsi həlledici rol oynayacaq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki