Bu həftə sonu, mayın 25-də, II və III ixtisas qrupları üzrə abituriyentlər qəbul imtahanı verəcəklər.
Təbii ki, imtahana sayılı günlər qaldıqca abituriyentlərdə həyəcan daha da artır. Bu mərhələdə ən çox verilən suallardan biri isə budur: Görəsən, suallar çətin olacaqmı?
İmtahandan sonra isə daha çox müzakirə ediləcək məsələ universitetlərə qəbul ballarının artıb-artmayacağı ilə bağlı olacaq.
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) açıqlama verib.
Onun sözlərinə görə, bu il bəzi ixtisasların keçid ballarında müəyyən artım müşahidə oluna bilər.
“25 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə blok (qəbul) imtahanının I cəhdi keçiriləcək. Ötən illə müqayisədə hər iki ixtisas qrupunda iştirakçı sayında artım var. Builki imtahan səviyyəsi əvvəlki illərdə olduğu kimi olacaq. Suallar sadə, orta və çətin olmaqla artıq hazırlanıb. Əlbəttə ki, imtahana daha yaxşı hazırlaşanlar üçün suallar nisbətən asan görünəcək. Qismən hazırlananlar isə imtahanı çətin hesab edə bilər”.
Ekspert əlavə edib ki, bu il xüsusilə bəzi prestijli ixtisasların, xüsusilə tədrisi ingilis dilində olan və əmək bazarında tələbatın yüksək olduğu sahələrin keçid ballarında müəyyən artım gözlənilir:
“Plan yerlərinin artımını da nəzərə alsaq, müəyyən qədər bal artımı qaçılmazdır. Amma kəskin şəkildə bal artımı gözlənilmir”.
O, həmçinin abituriyentlərin imtahanlara daha ciddi yanaşmalı olduğunu vurğulayıb:
“Artıq abituriyentlər daha ciddi hazırlaşmalıdır. I cəhd qəbul imtahanı daha vacibdir. Çünki bir çox abituriyent I cəhdin nəticəsindən sonra II cəhd imtahanında iştirak etmir.”
“II cəhdə arxayınlıqla yanaşmaq olmaz”
“Abituriyentlər düşünməməlidirlər ki, hələ qarşıda II cəhd var, indi zəif nəticə də ola bilər. Əgər abituriyent I cəhd imtahanında maksimum nəticə – yəni 400 bal toplayırsa, əlbəttə ki, II cəhd imtahanında iştirak etməyə ehtiyac qalmır. Amma nəticə qənaətbəxş deyilsə, II cəhd bir fürsət kimi dəyərləndirilməlidir. Abituriyentlər daha diqqətli olmalı, zəif bildikləri mövzulara xüsusi diqqət yetirməlidirlər. Hazırlaşma prosesində son mərhələ çox önəmlidir və bu mərhələ həlledici ola bilər”.