Azərbaycanda dövlət məktəblərində hər şagirdə düşən illik təhsil xərclərinin məbləği müəyyənləşib. Nazirlər Kabinetinin qərarına əsasən, tam orta ümumtəhsil məktəblərində bir şagird üçün illik xərc 2000 manat, lisey və gimnaziyalarda isə 2200 manat təşkil edəcək. İnternat tipli təhsil müəssisələrində bu məbləğ 500-3000 manat arasında dəyişəcək.
Bir şagird üçün illik 2000-3000 manat təhsil xərci hansı məsrəfləri əhatə edir?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan təhsil eksperti Əmrah Həsənli deyib ki, bu vəsait məktəblərin gündəlik saxlanma xərclərini, kommunal ödənişləri, dərs prosesində istifadə olunan zəruri materialları və cari təsərrüfat ehtiyaclarını əhatə edir:
“İnternat tipli müəssisələrdə isə şagirdlərin qidalanması və digər əlavə xərclər də nəzərə alınır. Burada təhsil səviyyələrinə uyğun artım əmsalları da tətbiq olunur. Məsələn, yuxarı siniflərdə tədris proqramının mürəkkəbləşməsi və fənn kabinetlərinə tələbatın artması səbəbindən daha yüksək əmsallar müəyyən edilir. Məktəbin ümumi büdcəsi də bu fərqliliklər nəzərə alınmaqla formalaşdırılır. Lakin mövcud reallıqları da nəzərə almaq lazımdır. Ayrılan vəsait məktəblərin minimum cari ehtiyaclarını qarşılamaq üçün kifayət etsə də, müasir laboratoriyaların yaradılması, rəqəmsallaşmanın təmin edilməsi, tədris mühitinin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı üçün yetərli olmaya bilər”.
Ə.Həsənli əlavə edib ki, şagirdbaşına maliyyələşmə modeli məktəb rəhbərliyini vəsaitlərdən daha məsuliyyətli və qənaətlə istifadə etməyə sövq edir:
“Bununla belə, hazırda müəyyənləşdirilən 2000-3000 manatlıq baza məbləği gələcəkdə bazar reallıqları və inflyasiya nəzərə alınmaqla mütəmadi artırılmalıdır. Ən əsası isə məktəblərə ayrılan vəsaitlərin şəffaf xərclənməsinə ciddi nəzarət olunmalıdır”.
