“Fənərbaxça”nın sükanı arxasına keçmək istəyir – Montellaya da söz atdı

Türkiyəli təcrübəli məşqçi Bülent Uygun İsmail Kartalın istefasından sonra “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə namizəd olduğunu açıqlayıb. O, İstanbul təmsilçisinin təzyiq və böhranı idarə edə bilən, taktiki cəhətdən güclü və lider xüsusiyyətlərinə malik baş məşqçiyə ehtiyac duyduğunu bildirib.

Referans Media xəbər verir ki, Bülent Uygun “Tivibu Spor”a açıqlamasında komandanın hazırkı vəziyyətini dəyərləndirib və bu vəzifənin öhdəsindən gələ biləcəyini deyib.

“Haqlı olmadığım halda səkkiz ay həbsdə yatdım. Məşq elmi haqqında kitab yazdım. Aşağı liqaya düşmək təhlükəsi ilə üzləşən komandaları götürüb xilas etdim. ‘Fənərbaxça’ya cəsarətli, təzyiqi və böhranı idarə edə bilən, taktiki düşüncəsi olan, liderlik xüsusiyyətlərini ortaya qoyacaq baş məşqçi lazımdır. Aykut Kocaman da, mən də, Volkan Demirel də bu işi bacararıq. Amma Montella bacarmaz. Biz bu işi görərik. Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq. ‘Fənərbaxça’da baş məşqçi olduğumuz zaman çempionluq barədə danışarıq”, – deyə Uygun bildirib.

Təcrübəli mütəxəssis sosial şəbəkə hesabında da mövqeyini ifadə edib. O, “Fənərbaxça”da çempion olmaq üçün meydanın kənarında, komandanın başında dayanmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, İsmail Kartalın istefasından sonra “Fənərbaxça”nın yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. Bülent Uygunun açıqlaması isə onun bu vəzifəyə iddialı olduğunu göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki