Ağstafa bazarında insident olub.
Referans Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kolxoz bazarında baş verib.
55 yaşlı Yaqub Mirzəyev (şərti adla) əvvəlcə bazarda toyuq-cücə satan qadını və gəlinini təhqir edib. Halı pisləşən qadına kömək üçün gələn təcili tibbi yardım həkimlərini söyərək, işlərinə mane olub. Sonra isə onun hərəkətlərinin qarşısını almağa çalışaraq, ictimai borcunu yerinə yetirən Yusifə bıçaqla xəsarətlər yetirib.
Fakt əsasında Yaqub Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılarq, barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində əşyalardan istifadə edilməklə törədildikdə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisəni sərxoş halda törədib. Özü də Şəhanə (şərti adla) kimi həmin bazarda toyuq-cücə alveri ilə məşğuldur. Tanışı Şəhanədən qaz balaları istəyib. Lakin qadın həmin balaların ayrı adama satıldığını və bir azdan gəlib götürəcəyini deyib.
Yaqub Mirzəyev də bundan hiddətlənərək, əvvəlcə Şəhanəni və onun yanında olan gəlinini təhqir edib. Şəhanəni söyüşlərdən halı pisləşdiyi üçün bazaar təcili tibbi yardım əməkdaşları çağırılıb. Lakin Yaqub həkimlərin xidmətini yerinə yetirmələrinə də imkan verməyib. Tibb bacısını və həkimi söyüb, işlərinə maneəçilik törədib.
Bu zaman bazarda tikinti ləvazimatlarının ustası işləyən Yusif Yaquba irad bildirərək, hərəkətlərini dayandırmasını istəyib. Amma yaqub onun da sözünə əhəmiyyət verməyib və tərəflər arasında münaqişə yaşanıb. Yaqub stolun üstündən götürdüyü bıçaqla Yusifə bir sıra xəsarətlər yetirib.
Y. Mirzəyev müharibə veteranı olduğunu və zərərçəkənə dəyən ziyanı ödədiyini deyib. O, bunların nəzərə alınmasını istəyib.
Zərərçəkən şəxs də həmçinin şikayətçi olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Yaqub Mirzəyev 3 il sınaq müddəti olmaqla, 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./Lent.az/
