Son vaxtlar marketlərdə bir sıra məhsulların qiymətlərində dəyişikliklər müşahidə olunur.
Referans Media Milli.Az-a isdinadən xəbər verir ki, alıcıların sözlərinə görə, xüsusilə şokolad, kərə yağı, bitki yağları və bəzi məişət məhsulları əvvəlki dövrlərlə müqayisədə daha baha satılır.
Diqqət çəkən məqamlardan biri odur ki, bəzi məhsulların üzərində əvvəlcə yüksək qiymət göstərilir, daha sonra isə endirim tətbiq edilərək daha aşağı məbləğ təqdim olunur. Lakin müqayisə zamanı məlum olur ki, endirimdən sonrakı qiymət də əvvəlki satış qiymətindən yüksək qalır.
Məsələn, bir müddət əvvəl təxminən 2 manat 20 qəpiyə satılan "Alpen Gold" şokoladı indi 4 manat 20 qəpik qiymətlə təqdim edilir. Endirim tətbiq olunduqda isə məhsulun qiyməti 2 manat 60 qəpiyə düşür. "Milka" şokoladında da oxşar vəziyyət var. Əvvəllər 3 manat 20 qəpiyə satılan məhsul üçün hazırda 5 manat 50 qəpik qiymət göstərilir, kampaniya zamanı isə 3 manat 40 qəpiyə almaq mümkündür.
Kərə yağlarında da artım nəzərə çarpır. "Anchor, French Cow, President və Azərsüd" markalarının qiymətlərində əvvəlki dövrlərlə müqayisədə bir neçə manatlıq fərq yaranıb. Bəzi məhsullarda endirim tətbiq edilsə də, satış qiyməti yenə də əvvəlki səviyyəyə qayıtmır.
Bitki yağları arasında da qiymət artımı hiss olunur. Məsələn, əvvəllər 15 manata satılan bəzi zeytun yağları hazırda 19 manatdan yuxarı qiymətlə təklif edilir. Kampaniya günlərində isə qiymət nisbətən aşağı olsa da, əvvəlki səviyyədən yüksək qalır.
Məişət məhsullarında da eyni mənzərə müşahidə olunur. Mətbəx dəsmalları və salfetlərdə qiymətlər əvvəlki dövrlə müqayisədə ciddi şəkildə yüksəlib. Endirim kampaniyaları zamanı müəyyən ucuzlaşma olsa da, bu, əvvəlki qiymətlərin bərpası anlamına gəlmir.
Qeyd edək ki, kampaniya qiymətləri hər zaman qüvvədə olmur. Bu səbəbdən alıcılar bəzi hallarda məhsulları daha yüksək qiymətlə almağa məcbur qalırlar.
