Türkiyə millisinin gənc ulduzu Arda Gülər Belçika ilə qarşılaşmada vurduğu möhtəşəm qolla Avropa mətbuatının gündəminə düşüb. UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda keçirilən görüşdə 20-ci dəqiqədə səhnəyə çıxan futbolçu cərimə meydançasının kənarından sol ayağı ilə dəqiq zərbə endirərək komandasını hesabda önə keçirib.
Referans Media xəbər verir ki, Arda Gülərin texniki ustalıqla vurduğu qol qısa müddətdə Avropanın aparıcı idman nəşrlərinin diqqətini cəlb edib. İspaniyanın “Marca”, “AS”, “Mundo Deportivo” və Belçikanın “HLN” nəşrləri gənc futbolçunun performansını xüsusi qeyd ediblər.
“Marca” Arda Gülərin Belçikaya vurduğu qolu Lionel Messinin 2018-2019-cu illər mövsümündə Çempionlar Liqasında “Liverpul”un qapısına vurduğu cərimə zərbəsi qolu ilə müqayisə edib.
“Arda Gülər yenə sehrini göstərdi! Belçikaya qarşı cərimə meydançasının kənarından göndərdiyi zərbə ilə komandasını önə keçirdi”, – nəşr yazıb.
“AS” qolu “Arda Gülərin möhtəşəm şousu” kimi dəyərləndirib, “Mundo Deportivo” isə futbolçunun ustalığının qarşılaşmaya damğa vurduğunu bildirib.
Belçikanın “HLN” nəşri isə Türkiyə millisinin gənc ulduzunu “türk incisi” adlandıraraq rəqib müdafiənin onu dayandıra bilmədiyini vurğulayıb.
Beləliklə, Türkiyə millisinin məğlubiyyətlə başa çatan qarşılaşmasında Arda Gülərin vurduğu möhtəşəm qol Avropa mətbuatının diqqət mərkəzinə çevrilib.
