Dəhşətli mənzərə: Minlərlə ilan üçün bütöv yolu bağlayırlar! - VİDEO

ABŞ-da minlərlə ilanın təhlükəsiz miqrasiyası üçün qeyri-adi addım atılır. İllinoys ştatındakı Şouni Milli Meşəsində yerləşən 4 kilometrlik yol hər il iki dəfə avtomobillərin hərəkəti üçün bağlanır və sürünənlərin keçidinə ayrılır. Ərazidə zəhərli növlər də daxil olmaqla 23-dən çox ilan növü qeydə alınıb.

Referans Media xəbər verir ki, ABŞ-ın İllinoys ştatında, xalq arasında “Snake Road” – “İlan yolu” kimi tanınan 4 kilometrlik marşrut hər il on minlərlə ilanın mövsümi miqrasiyasına şahidlik edir. Şouni Milli Meşəsinin ərazisində yerləşən yol LaRue bataqlığını əhəngdaşı qayalıqları ilə birləşdirir.

İlanların miqrasiya zamanı avtomobillərin altında qalaraq tələf olmasının qarşısını almaq üçün yol ildə iki dəfə nəqliyyatın hərəkətinə bağlanır. Bu müddətdə sürünənlər bataqlıq və qayalıq ərazilər arasında təhlükəsiz şəkildə hərəkət edə bilirlər.

İlanların hərəkəti mövsümi temperatur dəyişiklikləri ilə əlaqədardır. Yazda havalar istiləşdikdə qış yuxusundan oyanan ilanlar qidalanmaq və çoxalmaq üçün bataqlıq ərazilərə üz tuturlar. Payızda temperatur aşağı düşdükdə isə soyuqdan qorunmaq üçün dərin çatları olan əhəngdaşı qayalıqlarına qayıdırlar.

ABŞ Meşə Xidməti 1972-ci ildən tətbiq etdiyi mühafizə proqramı çərçivəsində yolu yazda martın 15-dən mayın 15-dək, payızda isə sentyabrın 1-dən oktyabrın 30-dək avtomobillərin hərəkəti üçün bağlayır.

Bölgədə indiyədək 23-dən çox ilan növü qeydə alınıb. Onların arasında şimal su mokasini, misbaş ilan və meşə çınqıllı ilanı kimi zəhərli növlər də var. Yolun bağlandığı müddətdə yalnız ilanlar deyil, qurbağalar, salamandralar, tısbağalar və kərtənkələlər də təhlükəsiz keçid imkanından yararlanır.

Bu dövrdə təbiətsevərlər əraziyə piyada səfər edə bilirlər. Lakin burada yaşayan heyvanlara toxunmaq və onları toplamaq federal və ştat qanunları ilə qadağan olunur və ciddi cəzalar nəzərdə tutulur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki