Tehranda yerləşən neft anbarlarında baş verən partlayışlardan sonra atmosferə təhlükəli kimyəvi maddələrin yayıldığı ilə bağlı məlumatlar ekoloji risklər barədə müzakirələri artırıb. Mütəxəssislər bildirirlər ki, belə hadisələr nəticəsində havaya yayılan karbohidrogen birləşmələri, kükürd və azot oksidləri müəyyən hallarda turşu yağışlarının yaranmasına və ətraf mühitə mənfi təsirlərə səbəb ola bilər. Bu vəziyyətin region ölkələrinə, o cümlədən Azərbaycana mümkün təsirləri də diqqət mərkəzinə düşüb.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, neft anbarlarının vurulması müəyyən ekoloji problemlər yarada bilər.
Onun sözlərinə görə, partlayışlar nəticəsində əsasən benzin və digər ağır yanacaq növlərinin yanması müəyyən çirklənməyə səbəb olur:
“Bu, neft qərərcahlarıdır və bəzi neft anbarlarının vurulması müəyyən problemlər yaradır. Orada ehtiyat benzin və digər ağır yanacaqlar var ki, onların yanması nəticəsində çirklənmə yaranır. Amma həmin maddələrin Azərbaycana qədər gəlib çatması bir qədər çətin məsələdir. Əvvəla məsafə uzaqdır, ikincisi isə bu proses fasiləsiz deyil. Yanğın və partlayışlar dayandıqdan sonra maddələr atmosferdə qarışır və yayılır. Ona görə də onların Azərbaycana çatma ehtimalı çox azdır”.
Ekspert qeyd edib ki, bu cür hadisələr əsasən partlayışların baş verdiyi ərazilərdə və yaxın regionlarda ekoloji problemlər yarada bilər.
“Ümumiyyətlə, regionlarda belə partlayışların və yanğınların baş verməsi o qədər də ürəkaçan məsələ deyil. Bu, həm həmin ərazilər üçün, həm də qonşu regionlar üçün çətin vəziyyət yaradır. Bizim üçün əsas məsələlərdən biri hava axınlarının istiqamətidir. Azərbaycana əsasən cənub-şərq istiqamətindən hava axınları gəlir. Buna görə də həmin maddələrin buraya gəlib çatması ehtimalını yüksək hesab etmirəm”, – deyə o bildirib.
Ə.Əliyevin sözlərinə görə, belə hadisələr daha çox partlayışların baş verdiyi ərazilərin ekosisteminə təsir göstərə bilər.
“Orada bəzi çaylara, xüsusilə də Xəzər dənizini qidalandıran çaylara müəyyən zərər dəyə bilər. Lakin ümumilikdə bu çirklənmənin Azərbaycana qədər gəlib çatması ehtimalı çox yüksək görünmür”, – deyə ekspert əlavə edib.
Gülnaz Abdullazadə






















