Yaşadığımız region seysmik baxımdan aktiv zonaya daxildir və bu ərazilərdə zəlzələlərin baş verməsi normal, təbii proses hesab olunur. Mütəxəssislərin fikrincə, Yer kürəsinin litosfer plitələri daim hərəkətdədir və bu hərəkətlər nəticəsində müxtəlif bölgələrdə seysmik aktivlik müşahidə olunur. Xüsusilə Azərbaycan ərazisi böyük litosfer plitələrinin təsir zonasında yerləşdiyi üçün zəlzələ riski qaçılmazdır. Bakı şəhəri 7–8 ballıq seysmik zonada yer alır və Xəzər dənizinə yaxınlıq da bu riski artıran amillərdən biridir.
Referans Media-ya açıqlamasında Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, litosfer plitələri Yer nüvəsi ilə yer qabığı arasında baş verən proseslər nəticəsində hərəkətdədir və bu hərəkətlər ekvatordan şimala doğru istiqamətlənə bilir. Onun sözlərinə görə, Azərbaycanda ən güclü zəlzələ ocaqları Şəkidən şərq istiqamətində, xüsusilə Şamaxıya qədər uzanan ərazilərdə yerləşir. Şamaxı tarixində 1192–1902-ci illər arasında dörd böyük zəlzələ qeydə alınıb, ən dağıdıcı zəlzələ isə 1670-ci ildə baş verib və təxminən 60 min insanın həyatını itirməsinə səbəb olub.
Ənvər Əliyev qeyd edib ki, yenidən zəlzələnin baş verməsi mümkündür, lakin onun dəqiq vaxtı və yeri əvvəlcədən bilinmir və bu, seysmik qanunauyğunluqlara uyğun təbii haldır. Mütəxəssis vurğulayıb ki, Yaponiyada olduğu kimi, ölkəmizin 7–8 ballıq seysmik zonada yerləşdiyini nəzərə alaraq, yaşayış binaları, xəstəxanalar və məktəblər zəlzələyə davamlı şəkildə inşa edilməlidir.. O həmçinin bildirib ki, Abşeron yarımadasında güclü zəlzələlər nadir hallarda müşahidə olunur. Alimlərin ortaq rəyinə görə, xırda zəlzələlər bəzən böyük zəlzələlərdən əvvəl baş verə və xəbərdarlıq xarakteri daşıya bilər, lakin elmi baxımdan bu cür zəif təkanlar yerin gərginliyini azaltdığı üçün onların arxasınca mütləq güclü zəlzələnin gəlməsi şərt deyil.
Gülnaz Abdullazadə.

















