image-telebe7backend

İmkanı olmayan gənclərə böyük fürsət: Onların təhsil haqqını dövlət ödəyəcək

Təhsilin hər kəs üçün əlçatan olması dövlət siyasətinin əsas prioritetlərindən biri hesab olunur. Bu baxımdan, Təhsil haqqında qanunvericiliyə təklif edilən yeni dəyişikliklər ictimai maraq doğurub. Sosial təminata ehtiyacı olan şəxslərin təhsil haqlarının dövlət tərəfindən qarşılanması ilə bağlı təşəbbüs, xüsusilə maddi çətinliklər səbəbindən ali və orta ixtisas təhsilindən kənarda qalan gənclər üçün real imkan kimi dəyərləndirilir.

Təhsil haqqında qanunvericiliyə təklif edilən dəyişikliklər çərçivəsində sosial təminata ehtiyacı olan şəxslərin təhsil haqlarının dövlət tərəfindən qarşılanması məsələsi müzakirə olunur. Bu təşəbbüs xüsusilə bölgələrdə yaşayan, ailəsində valideynləri işsiz olan və yalnız sosial müavinət hesabına dolanan gənclər üçün mühüm imkan yarada bilər.

Referans Media-ya açıqlama verən ekspert Elçin Əfəndi bildirib ki, bu kateqoriyaya aid olan şəxslər ali və ya orta ixtisas təhsili almaq istəsələr də, çox zaman yalnız ödənişli əsaslarla qəbul olunduqları üçün maddi çətinlik səbəbindən təhsildən kənarda qalırlar. Onun sözlərinə görə, belə bir qərarın qəbulu bölgələrdə yaşayan vətəndaşların ali və orta ixtisas təhsilinə çıxışına ciddi təkan verəcək.

Ekspert vurğulayıb ki, bu imkan yalnız ilk ali və ya orta ixtisas təhsili üçün nəzərdə tutulmalıdır və ikinci, yaxud əlavə təhsilə şamil olunması məqsədəuyğun deyil. Elçin Əfəndinin fikrincə, bu addım ölkədə savadlılıq səviyyəsinin artmasına və sosial həssas qruplar üçün təhsilin əlçatanlığının təmin olunmasına xidmət edəcək.

Mütəxəssislərin fikrincə, bu təşəbbüsün həyata keçirilməsi regionlarda yaşayan və sosial həssas ailələrdən olan gənclərin təhsil hüququnun təmin olunmasına, eyni zamanda ölkədə insan kapitalının inkişafına mühüm töhfə verə bilər. Təklif olunan mexanizmin məqsədyönlü və ədalətli şəkildə tətbiqi isə təhsildə sosial bərabərliyin güclənməsinə və uzunmüddətli perspektivdə cəmiyyətin ümumi inkişafına xidmət edəcək.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki