Son 30 ildə Azərbaycanda evlilik yaşı nəzərəçarpacaq dərəcədə artıb. Bununla bağlı sosioloq Elçin Bayramlının paylaşımı diqqət çəkib. O bildirib ki, əvvəllər orta evlənmə yaşı 25 ətrafında idisə, indi bu rəqəm 30-a çatıb. Sosioloq sözügedən tendensiyanı “faciə” adlandırıb və gələcək üçün təhlükə vəd etdiyini vurğulayıb.
Orta evlənmə yaşı niyə artıb? Bu, cəmiyyət üçün hansı sosial və demoqrafik nəticələr doğura bilər?
Globalinfo.az-a danışan tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov gənclərin evliliyə marağının azalmasını qidalar, xüsusilə palma yağı ilə əlaqələndirib.
“Onlar orqanizmimizdə hormonal dəyişikliklərə səbəb olur. Əksəriyyət bilmir, bir il ərzində Azərbaycana 50 min ton palma yağı gətirilir. Bu, cinsiyyət üzvlərinin fəaliyyətini azaldır. Gənclərin çoxunda hormon səviyyəsi aşağı olduğu üçün onlarda evlilik istəyi formalaşmır. Palma yağı maşın və ya digər texniki məqsədlər üçün istifadə olunmalıdır. Amma ölkədə qatlaşdırılmış süddən tutmuş, makaron və torta qədər hər şeyə palma yağı əlavə edilir”.
Mütəxəssis əlavə edib ki, sözügedən tendensiya ciddi demoqrafik nəticələrə gətirib çıxara bilər:
“Nikahların olmaması uşaqların sayına da mənfi təsir edir. Gələcəkdə evliliklər azalacaq, sonsuzluq halları artacaq, uşaq dünyaya gətirmək çətinləşəcək. Bu da demoqrafik faciəyə yol açacaq”.
Sosioloq Lalə Mehralı xatırladıb ki, Azərbaycanda əvvəllər kişilər təxminən 25, qadınlar 20 yaş civarında ailə həyatı qururdular:
“Artıq qadınlar təhsil almadan və müəyyən bir peşə sahibi olmadan ailə qurmur. Ümumilikdə 28-30 yaşında evlənən qadın da, kişi də ailə qurmağa gecikmiş sayılır. Qadın üçün ideal evlilik yaşı 23-dür. Bu yaşda o, artıq universiteti bitirir, işləyə bilir və hamiləlik üçün ən ideal orqanizmə sahib olur. Kişilər üçün ideal evlilik yaşı 25-dir. Bəzən həm qızlar, həm də oğlanlar müxtəlif səbəblərdən 30–35 yaşa qədər subay qalırlar. Kimisi oxuyur, kimisi maddi çətinliklə üzləşir və sair. Ümumilikdə rayonlarda işsizlik, Bakıda isə evsizlik səbəbindən evlənə bilməyən gənclərin sayı artır. Bu proses uzandıqca yaş keçir, nəticədə əhali qocalır, doğum azalır və nəsil yenilənmir”.
Pedaqoq-psixoloq Lalə Məmmədkərimova qeyd edib ki, gənclərin ailə qurmaqdan çəkinməsinin əsas səbəblərindən biri qorxudur:
“Onlar cavabdeh olmaqdan çəkinirlər. Yəni bəziləri ailəsinə, işinə, əməllərinə görə məsuliyyət daşımaq istəmir. Məhz bu fakt gəncləri evlilikdən uzaqlaşdırır”.