Bu günlərdə millət vəkili Pərvanə Vəliyeva parlamentdəki iclasda deyib ki, təcili yardımın pulunu dövlət ödəyir, tibbi sığorta pulunu isə işsizlər özləri ödəməlidir.
Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar.
Həmçinin qeyd olunur ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək. Hazırda cəmiyyətdə prosesin mexanizmi ilə bağlı suallar yaranıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva mətbuata bildirib ki, icbari tibbi sığorta haqqını ödəmək icbaridir, könüllü deyil. Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək – Qanuna dəyişiklik nələri tələb edir? Deputat qanuna təklif edilən dəyişiklik layihəsinin mahiyyətini açıqlayıb: “Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığorta haqlarını özləri ödəməlidirlər. Əslində, bu, hazırkı qanunun 15-2.2.4 maddəsində də var. Yəni rəsmi işləyən və bir sıra müəyyən olunmuş həssas əhali qruplarına aid olmayan şəxslərdən başqa, digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər. Təklif edilən dəyişikliklə isə bunun əhatə dairəsi müəyyənləşir. Bu qrupa qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin daxil edilməsi nəzərdə tutulur.
Bu mənada icbari tibbi sığorta ilə bağlı daha hansı yeniliklərin həyata keçirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybulla Referans Media-ya açıqlamasında bildirib ki, icbari tibbi sığorta təbii ki, əhalinin müxtəlif kateqoriyaları üçün fərqli şəkildə tətbiq olunur. Yəni işləməyən şəxslər, gəliri olmayan insanlar, işləyənlər, məmurlar və biznes sahibləri dünyanın hər yerində fərdi qaydada sığortalanırlar. Burada əsas problem ondan ibarətdir ki, işləməyən və ya ümumiyyətlə gəliri olmayan şəxslər — ana və uşaq, tək valideynli ailələr — dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. İşsizlər isə əmək birjasında qeydiyyatda olmalı və oradan maliyyələşməlidirlər. Bizdə bu institut tam formalaşmadığı üçün müəyyən çətinliklər yaranır. Ona görə də Azərbaycanda işsizlərin maliyyələşməsi məsələsində məsuliyyəti onların öz üzərinə qoymaq bir qədər absurdo bənzəyir. Çünki əgər bu insanlar həqiqətən işsizdirsə, ya sosial təminat almalıdırlar ki, oradan ödəniş etsinlər, ya da əlavə maliyyə mənbəyi göstərilməlidir. Məsələ də buradan yaranır və buna görə də bu sahədə müəyyən qeyri-müəyyənlik mövcuddur. Qalan məsələlərə gəldikdə, icbari tibbi sığorta xərclərinin azalması nəticəsində vəsait əvvəlcə təxirəsalınmaz və doğuşla bağlı xidmətlərə yönəldilməlidir. Daha sonra isə digər vacib planlı tibbi xidmətlərə, o cümlədən xroniki xəstəliklərin müalicəsinə istiqamətləndirilə bilər. Hər halda müəyyən çətinliklər ortaya çıxıb və buna görə də optimal icbari tibbi sığorta paketinin hazırlanması məntiqli görünür. Amma işsizlərlə bağlı məsələnin də hansısa formada həll olunması vacibdir ki, narazılıqlar yaranmasın. Bu səbəbdən də bunu birdən-birə sərt şəkildə elan etmək və deklarasiya etmək düzgün deyil. Qeyri-formal məşğulluq məsələsi də ayrıca araşdırılmalıdır. Çünki işsiz kimi görünən insanların arasında həqiqətən gəlirsiz olanlar da var, elələri də var ki, qeyri-formal fəaliyyət göstərirlər.
“Dünyanın hər yerində real işsiz şəxslərə sosial dəstək verilir ki, onlar yaşamaq üçün kriminal addımlara yönəlməsinlər. Buna görə də bizdə də bu məsələnin özü həllini tapmalıdır. Məsələn, icbari tibbi sığortada real işsizlərin sayı müəyyən edilə, onların maliyyələşmə mənbəyi xüsusi fondlar və ya digər mənbələrlə təmin oluna bilər”, – deyə ekspert qeyd edib.






















