image-marketbackend

Marketdə kartla ödəniş edənlərin NƏZƏRİNƏ: Pullarınız niyə batır? – ŞOK detallar

Marketlərdə ödəniş zamanı kartdan məbləğin iki dəfə çıxılması halları və geri qaytarma prosesinin günlərlə uzanması ilə bağlı müzakirələr davam edir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən marketoloq Nicat Manafov bildirib ki, bu cür problemlərin əsas səbəbi bankların texniki sistemlərinin yetərli səviyyədə olmaması ilə bağlıdır.

Onun sözlərinə görə, ölkədə post-terminal şəbəkəsində tez-tez kəsilmələr, xidmətin dayanması, ödənişlərin gecikməsi və ya düzgün tamamlanmaması halları müşahidə olunur:
“Banklararası əlaqənin qırılması, Visa və MasterCard şəbəkələri ilə bağlantı problemləri, həmçinin istifadə olunan post-terminal avadanlıqlarının köhnə və texniki cəhətdən nasaz olması vətəndaşların bu kimi hallarla üzləşməsinə səbəb olur.”

Ekspert qeyd edib ki, problem təkcə texniki deyil, həm də sistemli yanaşma çatışmazlığı ilə bağlıdır:
“Post-terminallardan istifadənin məcburi edilməsi ilə paralel olaraq, həm bank sektorunda, həm də texniki xidmət sahəsində keyfiyyətin artırılması üçün ciddi addımlar atılmalıdır. Təəssüf ki, bu istiqamətdə yetərli tədbirlər görülməyib.”

Manafovun sözlərinə görə, bəzi hallarda post-terminalın işləməməsi sahibkarla müştəri arasında anlaşılmazlığa da səbəb olur:
“Vətəndaş düşünür ki, sahibkar onu aldadır. Halbuki, bir çox hallarda post-terminal həqiqətən işləmir. Hətta bəzən sahibkarın banka müraciətindən sonra yeni terminalın gətirilməsi 3 gün, bəzən isə 1 həftə çəkir.”

O vurğulayıb ki, əsas çıxış yolu bankların infrastruktur yatırımlarını artırmasından keçir:
“Bank sektorunda rəqabətin zəif olması və böyük oyunçuların üstünlük təşkil etməsi səbəbindən texniki infrastruktur yatırımları kifayət qədər deyil. Eyni zamanda, bu sahədə ixtisaslaşmış kadr potensialının da inkişaf etdirilməsinə ehtiyac var.”

Ekspert əlavə edib ki, mövcud vəziyyət sahibkarlar üçün əlavə çətinliklər yaradır:
“Bu gün bir çox restoran və marketlər məcbur qalaraq 2-3 post-terminal saxlayır. Bu isə normal hal deyil. Sahibkar niyə bir neçə terminal işlətməlidir? Bundan əlavə, bank komissiyaları və post-terminal xərcləri həm sahibkarları, həm də vətəndaşları nağd ödənişə yönəldir.”

Manafovun fikrincə, cashback imkanlarının azalması da vətəndaşların kartdan istifadəyə marağını zəiflədir və nağd ödənişlərə meyli artırır.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki