Bir neçə gündür Azərbaycanda “WhatsApp”la bağlı müəyyən problemlər yaranıb. Bəzi istifadəçilər göndərilən mesajların, o cümlədən söhbət qruplarının görünmədiyi bildirilir. Qeyd olunur ki, bir müddət sonra qruplar bərpa olunsa da, söhbətlər tam şəkildə geri qayıtmır.
Problemə səbəb nə ola bilər? Həll yolu nədir?
Referans Media bildirir ki, məsələ ilə bağlı globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu tip problem adətən “WhatsApp”ın serverlərində yaranan müvəqqəti nasazlıqla bağlı olur:
“Eyni zamanda, istifadəçinin cihazı ilə “Google” hesabı arasında sinxronizasiya xətası da bu cür çətinliyə gətirib çıxarır. Xüsusilə bulud ehtiyat nüsxəsinin düzgün bərpa olunmaması nəticəsində qruplar görünsə də, mesaj tarixçəsi yüklənməyə bilər”.
Ekspert bildirib ki, həll üçün ilk addım internet bağlantısını yoxlamaq və tətbiqi yeniləməkdir:
“Daha sonra “WhatsApp”ın yaddaşını təmizləmək, “Google” hesabını cihazdan çıxarıb yenidən daxil olmaq və “chat backup” funksiyası ilə söhbətləri bərpa etmək olar. Əgər problem serverlə bağlıdırsa, istifadəçinin edə biləcəyi əsas addım gözləməkdir. Çünki bu halda düzəlişlər adətən sistem yenilənməsi ilə avtomatik aradan qaldırılır”.























