Azərbaycandakı Amerika Ticarət
Palatası (“AmCham Azərbaycan”) Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında imzalanmış tarixi sənədi məmnunluqla qarşılayır. Bu
tarixi sənəd Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni
bir mərhələnin başlanğıcını qoyur.
“AmCham Azərbaycan” hesab edir
ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də
ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin
formalaşmasına töhfə verəcək. Palata bu addımı regional iqtisadi inteqrasiyanın
gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması
baxımından mühüm hadisə kimi qiymətləndirir.
Bu münasibətlə “AmCham Azərbaycan”,
imzalanmış tarixi sənədin əldə olunmasında göstərdiyi rol və verdiyi dəstəyə
görə Amerika Birləşmiş Ştatlarına və ABŞ Prezidenti Donald J. Trampa dərin minnətdarlığını
ifadə edir. Palata, ABŞ-nin regionda sülhün, sabitliyin və rifahın təşviqinə
sadiqliyini yüksək qiymətləndirir.
Sülh və sabitlik iqtisadi
inkişafın əsas təməl daşlarıdır. Bu imzalanmış tarixi sənəd isə hər iki
ölkə və bütün region üçün yeni imkanların qapısını açır. “AmCham Azərbaycan” bu
uğurun əldə olunmasında beynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığını yüksək
dəyərləndirir.
Azərbaycanda müxtəlif sahələri təmsil edən 270-dən artıq üzv şirkəti birləşdirən
aparıcı biznes assosiasiyası kimi “AmCham Azərbaycan” dialoqun inkişafına, tərəfdaşlıqların
gücləndirilməsinə və dayanıqlı sülh ilə iqtisadi tərəqqiyə töhfə verən təşəbbüslərin
dəstəklənməsinə sadiqdir.
“AmCham Azərbaycan” haqqında
1996-cı ildə yaradılmış Azərbaycandakı
Amerika Ticarət Palatası ölkənin ən böyük və nüfuzlu biznes assosiasiyalarından
biridir. 270-dən çox üzv şirkəti ilə “AmCham”, biznes icması, Azərbaycan hökuməti
və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraq əlverişli biznes
mühitinin təşviqi və ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı istiqamətində
fəaliyyət göstərir.