“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Ərazi bütövlüyünü və suverenliyi bərpa edən Azərbaycan regionda yeni reallıqlar yaradıb”.
Referans Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xətdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Eyni zamanda, Azərbaycan regionda sabitliyin tərəfdarıdır, qonşu ölkələrdə hər hansı gərginliyin davam etməsində maraqlı deyil. Bu baxımdan, ölkəmiz hər zaman İranla bağlı yaranmış vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycan üçüncü ölkələrin öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəsinə heç zaman icazə verməyib.
Deputat bildirib ki, Azərbaycanın xoş niyyətinə qarşı İran heç də həmişə adekvat cavab vermir. Bugünlərdə İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama da qəbuledilməzdir. İranlı nazir ölkəmizdə ümumtəhsil məktəblərində təhsilalanların və təhsilverənlərin geyim qaydaları ilə bağlı əsassız açıqlama verib. O, baş örtüyündən istifadə edən şagirdləri ölkəsində təhsil almağa çağırıb. Əslində, bu mövqe ölkəmizin daxili işlərinə qarışmaqdır. Məsələyə münasibət bildirən Azərbaycanın Elm və Təhsil Nazirliyi haqlı olaraq bəyan edib ki, heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.
“Nəzərə alaq ki, İranda milyonlarla azərbaycanlı yaşayır. İran əhalisinin təxminən 40 milyonu azərbaycanlıdır. Amma bu ölkənin hakimiyyəti onları öz ana dilində təhsil almaq hüququndan məhrum edib. Halbuki, İran konstitusiyasında digər xalqların ana dilində təhsil almaq hüququ təsbit edilib. Lakin İrandakı rejim azərbaycanlıların konstitusion haqlarını açıq şəkildə tapdalayır. İranlı nazir ilk növbədə buna cavab versin ki, niyə azərbaycanlılara qarşı belə addımlar atırlar. Necə olur ki, İranda yaşayan ermənilər və digər xalqlar öz dillərində təhsil ala bilir, amma azərbaycanlılar yox ?! Əslində, bu fakt İran rejimi tərəfindən məqsədli şəkildə həyata keçirilir və azərbaycanlıları assimilyasiyaya uğratmaq məqsədi daşıyır. Digər tərəfdən, bir sıra zərərli dini cərəyanların ölkəmizə İran tərəfindən yönləndirilməsi də yeni məsələ deyil. Azərbaycanın təhlükəsizlik orqanları dəfələrlə belə faktları aşkara çıxarıb”.
Millət vəkili əlavə edib ki, Azərbaycan dünyəvi dövlətdir və öz qanunvericiliyinə uyğun addımlar atır. Heç kimin, o cümlədən İranın daxili işlərimizə qarşımağa ixtiyarı yoxdur.
“Bu gün İranın özü ciddi daxili problemlər içərisində sıxılır. Yaxşı olar ki, iranlı nazir də yersiz çıxışlar əvəzinə, öz problemləri ilə məşğul olsun” – deyə, Samir Vəliyev vurğulayıb./“Qafqazinfo”/
