image-jpeg-goruntusubackend

Bakı metrosunda görünməmiş vəziyyət yarandı – Rəsmi açıqlama gəldi

Son günlər sərnişinlər Bakı metrosunun “Bakmil” stansiyasında qatarların 45 dəqiqə intervalla gəlməsindən narazılıq edirlər. Onların bildirdiyinə görə, bu interval xüsusilə səhər və axşam saatlarında daha çox müşahidə olunur. Nəticədə sərnişin axını artır, stansiyada sıxlıq yaranır və insanların gündəlik gediş-gəlişində çətinliklər olur.

Referans Media  xəbər verir ki ,Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni”ndə qatarların hərəkətinin təşkili birbaşa infrastruktur imkanları və texniki şərtlərlə bağlıdır:

“Xüsusilə qırmızı və yaşıl xətlərin kəsişdiyi “28 May” stansiyası ətrafında hərəkət qrafikinin tənzimlənməsi daha mürəkkəb xarakter daşıyır. Bu isə həmin ərazidə yerləşən “Nərimanov” elektrik deposunun xəttin ortasında yerləşməsi ilə izah olunur. Ümumilikdə, elektrik depolarının istismara verilməsi zamanı stansiyanın inşası ətraf ərazilərdə məskunlaşma səviyyəsi, sənayeləşmə, elmi-tədqiqat, təhsil və s. iri müəssisələrinin yerləşməsi kimi amillər nəzərə alınır. Bu baxımdan, 2022-ci ildə istifadəyə verilmiş Xocəsən elektrik deposu və eyni adlı stansiya nümunə kimi göstərilə bilər. Həmin depo xəttin başlanğıcında yerləşdiyi üçün bu istiqamətdə qatarların hərəkət qrafikini tənzimləmək daha çevikdir və intervalların sabit saxlanılması nisbətən asandır. Fərqli olaraq, “Nərimanov” elektrik deposunun xəttin mərkəzində yerləşməsi qırmızı və yaşıl xətlərdə qatarların intensiv və ardıcıl hərəkətinin təmin olunmasını texniki baxımdan çətinləşdirir. Bu səbəbdən, xüsusilə pik saatlarda hərəkət qrafikinin optimallaşdırılması daha mürəkkəb prosesə çevrilir. Bu kontekstdə “Bakmil” stansiyası xüsusi qeyd olunur. Belə ki, bu stansiya da məhz “Nərimanov” elektrik deposunun ərazisində yerləşdiyindən onun fəaliyyətinin təşkili ümumi hərəkət qrafikinə birbaşa təsir göstərir. Xəttin ortasında yerləşmə amili səbəbindən “Bakmil” istiqamətində qatarların müntəzəm və intensiv hərəkətini təmin etmək texniki baxımdan məhdudlaşır”.

Qurumdan o da qeyd edilib ki, metroda qatarların hərəkəti bir neçə əsas prinsip əsasında təşkil olunur:

“İlk növbədə, hər bir qatar müəyyən dövrlərdə texniki baxış, təmir və qulluq üçün depoya yönləndirilir və bu proses sərnişin daşımaları ilə paralel şəkildə tənzimlənir. Bu zaman bəzi qatarlar depoya daxil olarkən sərnişinləri son dayanacaq kimi məhz “Bakmil” stansiyasına qədər daşıyır. İkinci mühüm amil sərnişin axınının intensivliyi və günün müxtəlif saatlarında dəyişən tələbatdır. Xüsusilə səhər və axşam saatlarında işə və təhsil müəssisələrinə yönələn sərnişinlərin sayı nəzərə alınaraq qrafik formalaşdırılır. Bununla yanaşı, tətbiq olunan hərəkət cədvəli davamlı monitorinq olunur, sərnişinlərin rəy və təklifləri diqqətdə saxlanılır və zərurət yarandıqda operativ şəkildə düzəlişlər edilir. Gələcək perspektivdə xətlərin tam ayrılması və infrastrukturun daha da genişləndirilməsi fonunda optimal hərəkət cədvəlinin tətbiqi mümkün hesab olunur. Lakin mövcud texniki şərtlər çərçivəsində bu istiqamətdə konkret dəyişikliklər barədə danışmaq hələlik tezdir. Eyni zamanda nəzərə alınmalıdır ki, elektrik depolarında çalışan əməkdaşların gündəlik hərəkəti və texniki heyətin xətt üzrə fəaliyyəti də ümumi hərəkət sisteminin tərkib hissəsidir və bu faktorlar da qrafikin formalaşdırılmasında rol oynayır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki