Metronun altından avtomobil yolu çəkiləcək – Sıxlıq bu yolla aradan qaldırılacaq
Bakı şəhərinin nəqliyyat infrastrukturunda köklü dəyişikliklərə səbəb olacaq yeni layihənin icrasına başlanılır. Paytaxtın ən sıx nöqtələrindən sayılan “Ulduz” və “Koroğlu” stansiyaları ətrafında nəqliyyat qovşağının yaradılması və metro xəttinin altından avtomobil tunelinin çəkilməsi planlaşdırılır.
Paytaxtda avtomobil, metro və dəmir yolunu birləşdirən müasir nəqliyyat qovşağının yaradılması nəzərdə tutulur. Bu layihə xüsusilə “Ulduz” və “Koroğlu” metrostansiyaları ətrafındakı tıxac problemini fundamental şəkildə həll etməyə yönəlib.
Referans Media bildirir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, metro xəttinin altından avtomobil tunelinin tikilməsi Bakı üçün yeni nəqliyyat modelinə keçidin göstəricisidir:
“Bu, şəhərin böyüməsinə uyğun verilmiş texniki qərardır. Metro xəttinə toxunmadan onun alt qatından avtomobil tuneli inşa olunacaq ki, bu da üçsəviyyəli hərəkət sisteminin formalaşmasına imkan verəcək”.
Ekspertin sözlərinə görə, bu yenilik hərəkətin təşkilində bir neçə mühüm üstünlük yaradacaq:
“Tranzit nəqliyyat vasitələri yeraltı tunellərə yönləndiriləcək, yerüstü yollar isə yalnız lokal hərəkət üçün istifadə olunacaq. Xüsusilə pik saatlarda keçid sürətlənəcək və Hava Limanı istiqamətində hərəkətin stabilliyi təmin ediləcək. Tranzit, lokal və ictimai nəqliyyat axınları fiziki olaraq bir-birindən ayrılacaq”.
Layihənin əsas məqsədi şəhər mərkəzindəki yerüstü sıxlığı minimuma endirmək və nəqliyyat axınını alternativ marşrutlara bölməkdir. Bu innovativ addım Bakının yol infrastrukturunda yeni bir mərhələnin başlanğıcı hesab olunur.






















