İstilik məsələsi ilə bağlı qaydalar dəyişdi. İndi hər binada istədiyiniz kimi fərdi kombi sistemi quraşdıra bilməyəcəksiniz.
Referans Media xəbər verir ki, Baş nazir Əli Əsədov çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı yeni qərar imzalayıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən, binalar layihələndirilərkən fərdi qızdırıcıların qoyulmasına yalnız müəyyən şərtlər daxilində yol veriləcək. Yeni qaydalara görə, bina beş mərtəbədən yüksək deyilsə, orada hər mənzil üçün ayrıca istilik sistemi nəzərdə tutula bilər. Həmçinin binanın inşa ediləcəyi ərazidə qaz təchizatı planlaşdırılmayıbsa, fərdi sistemlərin istifadəsinə yaşıl işıq yandırılacaq.
Digər bir vacib məqam isə alternativ enerji ilə bağlıdır. Əgər mənzillərin istiliyi bərpa olunan enerji mənbələri hesabına təmin ediləcəksə, bu zaman fərdi sistemlərin quraşdırılmasına icazə veriləcək. Bu qərar həm tikinti şirkətləri, həm də gələcək mənzil sahibləri üçün mühüm yenilik hesab olunur.
Yəni, artıq hündürmərtəbəli binalarda hər kəsin öz mənzilinə ayrıca kombi qoyması məhdudlaşdırılır və bu, yalnız azmərtəbəli binalara və ya xüsusi enerji sistemləri olan layihələrə şamil edilir.























