Hesablama Palatasının son hesabatı Gəncədə sadəcə rəqəmlərin deyil, həm də dövlət idarəçiliyinin, məsuliyyətin və ən başda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin “iflasını” ortaya qoydu. 11 milyon manata yaxın büdcə vəsaitinin “buxarlanması”, şişirdilmiş smetalar və saxta iş həcmləri… Bu, sadəcə bir maliyyə xətası deyil, bu, dövlətin büdcəsinə, xalqın ruzisinə uzanan haram əllərin rəsmi sənədlərdəki izidir.
Referans Media xəbər verir ki, Şəhərin icra başçısı Niyazi Bayramovun birbaşa nəzarəti və rəhbərliyi altında baş verən bu proseslər göstərir ki, korrupsiya mexanizmi Gəncədə “saat kimi” işləyib. “Gəncə İdman Sarayı”nın tikintisində bünövrə işlərinin eyni qiymətlə yenidən daxil edilərək 6 milyon manatdan çox vəsaitin artıq göstərilməsi təsadüfmü, yoxsa planlı bir talançılıqdırmı?
Cənab Bayramov, bu pullar sizin şəxsi mülkünüz deyil! Bu vəsaitlər Gəncənin qəza vəziyyətində olan yataqxanalarında ömür sürən, evsiz-eşiksiz insanların, şəhid ailələrinin, qazilərin və bu ölkənin hər bir vergi ödəyicisinin haqqıdır. İcra başçısı olaraq sizin vəzifəniz bu vəsaitlərin qəpiyinə qədər yerinə çatmasını təmin etmək idi, onu podratçı şirkətlərlə əlbir olub “şişirtmək” yox.
Audit yoxlaması göstərir ki, yaşayış binalarının inşasında 1.2 milyon manatdan çox, mənzil fondunun təmirində isə yüz minlərlə manat artıq xərc göstərilib. Sual olunur:
İmzalanan saxta aktlar: Niyazi Bayramov, rəhbərlik etdiyiniz qurumun təsdiq etdiyi həmin “yerinə yetirilmiş iş aktları”na imza atarkən vicdanınızmı, yoxsa “cibinizmi” danışırdı?
Nəzarət mexanizmi: Şəhərin ortasında milyonlarla vəsait havaya sovrularkən sizin “xəbəriniz yox idisə”, bu, peşəkar yararsızlıqdır. Yox, əgər xəbəriniz var idisə — ki, audit nəticələri buna işarə edir — bu, dövlətə xəyanətə bərabər bir cinayətdir.
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hərəkətə keçməsi bu çirkli oyunların sonunun çatdığını göstərir. Niyazi Bayramov və onun kurasiyasında olan məmurlar ordusu bir şeyi anlamalıdır: Dövlət büdcəsi talan ediləcək qənimət deyil!
”Mənimsənilən hər qəpikdə bu millətin ahı, bu dövlətin əməyi var.”
Öncə dövlətə qarşı olan borcunuzu qanun qarşısında cavab verərək ödəyəcəksiniz. Bəs xalqa, Gəncə sakinlərinə olan borcunuzu necə ödəyəcəksiniz? O yolların, o binaların, o sarayın kəsilən smetasında insanların ümidi var idi. Sizin üçün sadəcə rəqəm olan o milyonlar, Azərbaycan vətəndaşının rifahı idi.
Gəncə İcra Hakimiyyətinin başında duran şəxs olaraq Niyazi Bayramovun bu qanunsuzluqlara “ortaq” olması artıq ehtimal deyil, ciddi bir ittihamdır. Korrupsiya ilə mübarizə orqanları bu “milyonluq şok rəqəmlərin” arxasındakı əsl simaları, o qərarlara imza atan əlləri qandallamalıdır. Xalqın haqqını talayanlar, dövlətin etimadını sarsıdanlar bilməlidir ki, “milyonluq oyunların” sonu dəmir barmaqlıqlardır. Gəncənin haqqı olanı geri qaytarmaq və bu talançılığın hesabını sormaq zamanıdır!























