Azərbaycanda ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin 6 aya endirilməsi ilə bağlı təkliflər son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Məsələ cəmiyyətdə fərqli yanaşmalar doğurur və bu addımın ordunun hazırlıq səviyyəsinə, eləcə də ümumi çağırış sisteminə mümkün təsirləri geniş şəkildə müzakirə olunur.
Referans Media xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, hazırda Azərbaycanda ali təhsilli şəxslər üçün müəyyən güzəştlər mövcuddur: “Digərləri üçün xidmət müddəti bir il altı aydırsa, ali təhsilli şəxslər üçün bu müddət bir ildir. Ümumiyyətlə, arzu edilər ki, dünyada sülh və əmin-amanlıq olsun, xidmət müddəti də azaldılsın. Amma regionda və dünyada baş verən proseslər hər kəsə məlumdur”.
Ekspert qeyd edib ki, beynəlxalq vəziyyət bu kimi qərarların qəbulunda mühüm rol oynayır: “Ukraynanın Rusiya tərəfindən işğalı, Yaxın Şərqdə gərginlik, eləcə də bir çox ölkələrdə baş verən hadisələr göstərir ki, hər bir dövlət daim hazırlıqlı olmalıdır. Məsələn, Almaniya ordusunun sayını və büdcəsini artırır, Avropanın bir çox ölkələri isə yenidən çağırış sistemini bərpa edir”.
Onun sözlərinə görə, çağırış sistemi ordunun əsasını təşkil edir və bundan imtina mümkün deyil: “Peşəkar ordu da məhz çağırış sistemindən formalaşır. Necə ki, ibtidai təhsil olmadan ali təhsil mümkün deyil, eyni ilə çağırış olmadan da ordu sistemi qurmaq olmaz. Ona görə də bu məsələlərə ciddi yanaşmaq lazımdır”.
Emin Həsənli hesab edir ki, xidmət müddətinin azaldılması yalnız gələcəkdə, beynəlxalq vəziyyət sabitləşərsə mümkün ola bilər: “Əgər dünyada sülh və sabitlik yaranarsa, gələcəkdə ümumi xidmət müddətini bir ilə endirmək, ali təhsilli şəxslər üçün isə 9 ay və ya 6 ay müəyyən etmək olar. Amma hazırda bunun üçün tezdir”.
Ekspert demoqrafik dəyişikliklərə də diqqət çəkib: “Əvvəllər ailələrdə 3-4 oğlan övladı olurdu, indi isə bu hal nadir hallarda müşahidə olunur. Eyni zamanda ali təhsil alanların sayı da artıb. Bu amillər də nəzərə alınmalıdır”.
O əlavə edib ki, hərbi xidmət vətəndaşlıq borcudur və bundan yayınmaq düzgün yanaşma deyil: “Bir insanın həyatında altı ay və ya bir il vətənə xidmət etməsi problem kimi qəbul olunmamalıdır. Bu, vacib və zəruri məsələdir”.
Sonda ekspert vurğulayıb ki, Azərbaycan ordusunda çağırış sistemi ilə bağlı artıq xeyli islahatlar aparılıb: “Birinci Qarabağ müharibəsi dövründə və sonrakı illərdə 4-5 il xidmət edənlər olub. Bu, uzaq tarix deyil. Ona görə də hesab edirəm ki, bu məsələlərə daha ciddi və məsuliyyətli yanaşmaq lazımdır”.
Gülnaz Abdullazadə.























