Bayram süfrəsində gizli təhlükə: Paxlava və şəkərbura sevənlər diqqətli olsun

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar süfrələr müxtəlif milli şirniyyatlarla bəzədilir. Bayram günlərində xüsusilə paxlava, şəkərbura və digər şirniyyatların həddindən artıq qəbulu isə sağlamlıqla bağlı müəyyən risklər yarada bilər.

Referans Media-ya açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, Azərbaycan cəmiyyəti bayramları, qonaqlıqları və zəngin süfrələri ilə seçilən bir millətdir. Onun sözlərinə görə, qədim ənənələrə malik Azərbaycan mətbəxində Novruz xüsusi yer tutur və bu bayram digər bayramlardan fərqli olaraq bir ay əvvəl – ilk çərşənbədən başlayaraq qeyd edilir. Bu dövrdə hər çərşənbə süfrələr qurulur, müxtəlif şirniyyatlar hazırlanır və bayram günlərinə qədər artıq insanlar paxlava və şəkərbura kimi şirniyyatları tez-tez istehlak etməyə başlayırlar.

Mütəxəssis qeyd edir ki, bu qidaların həddindən artıq qəbulu bəzən artıq çəki artımına səbəb olur. Onun sözlərinə görə, psixoloji olaraq “gözün doyması” ilə “bədənin doyması” fərqli anlayışlardır. Bəzən süfrədə çoxlu və müxtəlif yeməklərin olması insanın gözünü doyurur və o, özünü artıq yemiş kimi hiss edir. Lakin şirniyyatların və ağır qidaların davamlı qəbulu orqanizmdə müxtəlif problemlərə yol aça bilər.

Dietoloq bildirir ki, bayram günlərindən əvvəl metabolizmi aktiv saxlamaq vacibdir. Bunun üçün səhər tezdən oyanmaq, günə səhər yeməyi ilə başlamaq və gün ərzində aktiv olmaq tövsiyə olunur. Həmçinin fiziki aktivliyin artırılması, axşam yeməyinin yüngülləşdirilməsi və ya gec saatlarda yeməkdən çəkinmək faydalıdır.

Onun sözlərinə görə, bayram süfrələrində yağlı yeməklərlə yanaşı, onların təsirini azalda biləcək qidalar da olmalıdır. Yeməkdən sonra təbii yaşıl çay və detoks çaylarının qəbulu, açıq havada gəzinti və oksigenlə təmas metabolizmin aktivləşməsinə kömək edir.

L. Süleymanova əlavə edib ki, xüsusilə gec saatlarda çoxlu şirniyyat və yağlı yeməklərin qəbulu bəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər. Belə ki, reflüks problemi olan şəxslərdə vəziyyət ağırlaşa, həmçinin şəkər xəstələrində qanda şəkərin səviyyəsi yüksələ bilər.

Mütəxəssis vurğulayıb ki, qidalanmada balans qorunduğu və tövsiyələrə əməl olunduğu halda, insanlar həm bayram süfrəsinin dadından çıxara, həm də artıq çəki və müxtəlif sağlamlıq problemlərindən qoruna bilərlər.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki