Əgər bütün gecəni yerinizdə fırlanıb, yuxuya gedə bilmirsinizsə, həll yolu düşündüyünüzdən daha sadə ola bilər.
Referans Media xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün qidalar bədənin melatonin hormonunu dəstəkləyir və yuxuya getməyi asanlaşdırır.
Türkiyəli diyetoloq Burcu Akbeyaz Özger xüsusən də qış aylarında bəzi qidaların yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını vurğulayıb. Yuxusuzluğun təbii həlli bu qidalarda gizlənir: Axşam onları yeyənlər səhərə qədər fasiləsiz yatırlar.
Diyetoloq axşam melatoninlə zəngin qidaların qəbul edilməsinin yuxuya getməyi asanlaşdırdığını bildirib:
“Albalı və albalı suyu ən yüksək melatonin tərkibinə malik meyvələr arasındadır. Bundan əlavə, qoz melatonin ehtiva edən nadir çərəzlərdən biridir. Yulaf, düyü, qarğıdalı və arpa kimi tam taxıllar, pomidor, brokoli və xiyar kimi tərəvəzlər, banan və ananas kimi meyvələr, həmçinin yumurta melatonin səviyyəsini dəstəkləyir və bədəni dinc bir yuxuya hazırlayır.”
Özger yuxusuzluğun bu gün ciddi bir ictimai səhiyyə probleminə çevrildiyini qeyd edərək, dünyada hər üç nəfərdən birinin yuxu problemi ilə qarşılaşdığını bildirib. “Melatoninin yuxu keyfiyyətini yaxşılaşdırdığı elmi cəhətdən sübut edilib. Araşdırmalar göstərir ki, melatonin tərkibli qidalar da keyfiyyətli yuxuya getməyə kömək edir”, – deyə o bildirib.
Melatoninin faydalarının yalnız yuxu ilə məhdudlaşmadığını vurğulayan diyetoloq hormonun bədəndə bir çox vacib funksiyaya malik olduğunu bildirib: “Melatonin immunitet sistemini gücləndirməyə kömək edir, antioksidant təsir göstərir. O, həmçinin maddələr mübadiləsinə təsir göstərir, leptin və insulin balansına, stress və kortizol hormonlarının tənzimlənməsinə kömək edir. Melatonin, həmçinin xərçəng tədqiqatlarında mühüm rol oynayır.”
Özger qeyd edib ki, melatonin istehsalının kökündə amin turşusu triptofan durur və buna görə də bəzi qidalar dolayı yolla yuxuya kömək edir: “Süd və süd məhsulları, hinduşka əti, balıq, balqabaq toxumu, tahin, küncüt toxumu, fındıq və badam triptofanla zəngindir. Triptofan serotonin-melatonin dövrünü dəstəkləyir və yuxu rejimlərinə müsbət təsir göstərir.”





















