image-xerceng-virusbackend

Bu, xərçəng yaradırmış – Həkimdən XƏBƏRDARLIQ

Oturaq həyat tərzinin, gün ərzində çox uzun müddət oturmaq və fiziki aktivliyin az olması bəzi xərçəng növlərinin riskini artırdığına dair iddialar var. Uzun müddət oturmanın yalnız piylənmə və ürək-damar xəstəlikləri ilə deyil, həm də xərçənglə əlaqəli olduğunu göstərir.

Oturaq həyat tərzi xərçəng riskini artırırmı?

Sfera.az-a bununla bağlı açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, son dövrlərdə xərçəng xəstəliklərinin artım tempi həm dünyada, həm də ölkəmizdə ciddi şəkildə yüksəlib:

“Bu artımın arxasında bir sıra mühüm amillər dayanır. Amerika və Avropa alimlərinin apardığı son araşdırmalara əsasən, onkoloji xəstəliklərin yaranma səbəblərinin təxminən 40-50 faizi qidalanma amili ilə bağlıdır. Lakin məsələ təkcə qidalanma ilə məhdudlaşmır. Tütün məmulatlarından istifadə, uzunmüddətli alkoqol qəbulu, eləcə də oturaq həyat tərzi bu xəstəliklərin sürətlə yayılmasına və yaş həddinin gəncləşməsinə səbəb olan əsas risk faktorları sırasındadır. Texnologiyanın sürətli inkişafı nəticəsində insanlar getdikcə daha az hərəkət etməyə üstünlük verirlər. Bir çox işi evdən, iş yerindən qalxmadan, pult, kompüter və ya süni intellekt vasitəsilə görməyə çalışırlar. Lakin nəzərə almaq lazımdır ki, azhərəkətli həyat tərzi onkoloji xəstəliklərin yaranmasında əsas amillərdən biridir”.

Onkoloq hətta oturaq iş rejimində çalışan insanlara belə ən azı hər 45 dəqiqədən bir ayağa qalxaraq 5-10 dəqiqə gəzməyə tövsiyə olunduğunu qeyd edib:

“Çünki uzun müddət hərəkətsiz qalmaq mədə-bağırsaq xərçənglərinin yayılma riskini artırır, eyni zamanda piylənməyə səbəb olur. Bəzi araşdırmalarda oturaq həyat tərzi hətta “yeriyən siqaret” adlandırılır. Necə ki, tütün məmulatları ağciyər xərçənginin əsas səbəblərindən sayılırsa, hərəkətsizlik də mədə-bağırsaq xərçənglərinin əsas risk faktorlarından biri hesab olunur. Hərəkətsizlik piylənməyə, piylənmə isə maddələr mübadiləsinin pozulmasına və hormonal disbalansa gətirib çıxarır. Bu da mədə-bağırsaq və uşaqlıq xərçənglərinin yaranma riskini artırır. Aparılan araşdırmalar göstərir ki, onkoloji xəstəliklərin bu qədər geniş yayılmasının əsas səbəblərindən biri məhz oturaq həyat tərzidir. Buna görə də insanlara tövsiyə olunur ki, mümkün qədər aktiv həyat tərzi keçirsinlər. Aktivlik artdıqca təkcə onkoloji xəstəliklər deyil, həmçinin şəkərli diabet, ürək-damar xəstəliklərinə tutulma riski də azalır. Gün ərzində ən azı 10 min addım yerimək məsləhət görülür. Bu, təxminən 6-7 kilometr məsafəyə bərabərdir. Bəzi insanlar evdə hərəkət etdiklərini söyləsələr də, bu yetərli hesab olunmur. Söhbət mütləq şəkildə təmiz havada gəzintidən gedir. Ona görə də tövsiyə olunur ki, insanlar hər gün açıq havada gəzərək ən azı 10 min addım atsınlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki