Türkiyədə dəhşətli hadisə baş verib.
Referans Media xəbər verir ki, Van vilayətinin Saray rayonunda baş verən dəhşətli hadisə cəmiyyətdə böyük sarsıntı yaradıb. Küçə itlərinin hücumuna məruz qalan 5 yaşlı Hamza Özsoy həyatını itirib, onun 10 yaşlı qohumu isə yaralanıb.
Hadisə Saray rayonunun Kazım Paşa məhəlləsində günorta saatlarında baş verib. Hücum nəticəsində ağır xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralanan digər uşaq isə xəstəxanada müalicə alır.
Hadisə anına aid təhlükəsizlik kamerası görüntülərinin yayılması ictimai rezonansı daha da artırıb. Kadrlarda baş verənlər saniyə-saniyə əks olunub.
Saray bələdiyyəsində çalışan bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi tərəfindən müfəttiş təyin olunub. Fakt üzrə araşdırma davam edir
Daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, hadisə ölkədə sahibsiz heyvanlarla bağlı qaydaların daha ciddi tətbiq olunmasının vacibliyini bir daha göstərib. O, günahkar şəxslərlə bağlı hüquqi tədbirlərin görüləcəyini vurğulayıb.
Rəsmi məlumatlara görə, 2025-ci ildə Saray rayonunda 432 küçə iti toplanıb. 2026-cı ilin ilk 4 ayında isə bu rəqəm 145 olub.






















