Qərbi Afrika ölkəsi Malidə ordu ilə silahlı qruplar arasında qarşıdurmalar son günlər daha da şiddətlənib. Ölkənin şimal və mərkəzi bölgələrində genişmiqyaslı hərbi əməliyyatlar aparılır.
Mali ordusu ilə silahlı qruplar arasında ağır döyüşlər gedir. Bildirilir ki, hücumlar koordinasiyalı şəkildə həyata keçirilib və bir neçə strateji nöqtə hədəf alınıb. Əməliyyatlar zamanı Mali ordusu Türkiyə istehsalı Bayraktar TB2 pilotsuz uçuş aparatlarından aktiv istifadə edir.
Referans Media xəbər verir ki, PUA-larla silahlı qrupların karvanları və gizləndiyi mövqelər dəqiq zərbələrlə məhv edilir. Hava üstünlüyü sayəsində qrupların irəliləyişinin qarşısı alınır. Əməliyyat görüntüləri ictimaiyyətə təqdim olunub. 25 aprel tarixində silahlı qruplar bir neçə şəhərdə eyni vaxtda hücumlar təşkil edib.
Ən qanlı toqquşmalar Kidal, Bamako, Gao və Sevare bölgələrində qeydə alınıb. Paytaxt yaxınlığında yerləşən Kati hərbi bazasına və Modibo Keita Havalimanı ətrafına hücumlar edilib.
Hadisələr zamanı Mali müdafiə naziri Sadio Kamara intihar hücumu nəticəsində ağır yaralanıb və sonradan həyatını itirib.
Mali ordusu əks-hücum çərçivəsində xüsusilə Koulikoro bölgəsində geniş hava əməliyyatları keçirib. Rəsmi açıqlamaya görə, bu əməliyyatlarda 100-dən çox silahlı şəxs zərərsizləşdirilib.
Bununla yanaşı, FLA qruplaşması Kidal şəhərinə tam nəzarəti ələ keçirdiyini iddia edir.






















