İran tərəfindən səsləndirilən son açıqlama qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Bildirilir ki, Yəməndə fəaliyyət göstərən Husilər Bab əl-Məndəb boğazını gəmi hərəkəti üçün bağlamağa hazırlaşır.
Referans Media xəbər verir ki, Hazırda Hörmüz boğazı üzərində gərginlik davam edərkən, Bab əl-Məndəb boğazının da bağlanması ehtimalı qlobal enerji təchizatı üçün böyük təhlükə yaradır. Bu iki boğaz dünya neft ticarətinin əsas keçid nöqtələridir. Asiya ilə Avropa arasında dəniz daşımalarının əsas marşrutunu təşkil edir.
Ekspertlər xəbərdarlıq edir ki, hər iki marşrutun eyni vaxtda bağlanması neft qiymətlərində kəskin artıma və qlobal logistika böhranına səbəb ola bilər.
İranlı deputat Əli Həzrian bildirib ki, Husilər boğazın bağlanması ilə bağlı artıq hərbi təlimlər keçirib və hazırlıqları tamamlayıb. Onun sözlərinə görə, beynəlxalq gəmilər üçün iki seçim olacaq. Ya boğazdan keçmək üçün 5 milyon dollar ödəniş etmək, ya da alternativ marşrut seçərək təxminən 30 milyon dollar əlavə xərcə qatlanmaq.
Qırmızı dəniz ilə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazı, Süveyş kanalı vasitəsilə Avropa–Asiya ticarətinin əsas qapısı sayılır.
Bu marşrut dünya xam neft ticarətinin təxminən 10%-nin keçdiyi yol hesab olunur. Hər il minlərlə tanker və konteyner gəmisinə xidmət edir. Boğazın bağlanması yalnız enerji sektoruna deyil, ümumilikdə qlobal ticarətə və təchizat zəncirlərinə ciddi zərbə vura bilər.






















