image-304220_4ejlqacoe3backend

Deputatın qardaşı oğlunun lüks toyu: Razı bəyin razılıq dolu məclisi ölkədə səs-küy yaratdı!

Deputat Razi Nurullayev 2025-ci ilin dekabr ayında keçirilmiş parlament iclaslarının birində ölkəmizdə toyların vəziyyətindən danışaraq demişdi:

“Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir”.

Sadəlikdən, qənaətcillikdən danışan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev gərək bu tövsiyəni ilk növbədə qardaşı Hasil Nurullayevə verərdi. Dediklərinin əksini elə öz doğmaları edib. Sosial şəbəkələrdə yayılan videokadrlardan məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki məşhur “Ritz-Carlton” hotelində Razi bəyin tikinti maqnatı kimi tanınan qardaşı Hasil Nurullayev oğlu Şahinin toyu olub. Dəbdəbəli məclisdə Azərbaycanın xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnəyə çıxıblar. Toyun tamadası televiziya aparıcısı Nanə Ağamalıyeva olub. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Məlum olub ki, toy sahibi Aygün Kazımova 100 min, Nanə Ağamalıyevaya isə 25 min manat qonorar ödəyib. Toyun bütün xidmət personalı Bakıdan gətirilib. Təbii ki, hamısı müəyyən məbləğə.

Bu hoteldə adi toy 110–120 min, orta səviyyəli toy 160–200 min, tam lüks və fərdi konseptli toy isə 230 min manatdan yuxarı məbləğə başa gəlir. Bu qiymətə əsasən banket zalı, yüksək səviyyəli catering, xidmət personalı və əsas texniki təminat daxildir. Dubayın “Ritz-Carlton” hoteli uzun illərdir ki, ərəb kral ailələrinin üzvləri, dünyanın tanınmış simaları, eləcə də “Hollywood” və “Bollywood”-a yaxın şəxslər üçün toy mərasimlərinə ev sahibliyi edib. Bu toylar mediada nadir hallarda işıqlandırılır.

İndi görün həmişə sadəlikdən dəm vuran, özü barədə “xalqın adamı” imicini yaratmaq istəyən cənab Razi Nurullayevin mənsub olduğu ailənin sorağı haralardan gəlir. Həmkarlarımız bu toy haqqında onun fikrini öyrənmək istəyəndə “Allah mübarək etsin!” deməklə kifayətlənib. Əgər səmimidirsə, indi də münasibət bildirsin. Danışmağa çətinlik çəkirsə, deməli, indiyə kimi dedikləri, yumşaq desəm, xalqın gözünə “kül üfürmək”dən başqa şey deyil.

Vaxtilə sosial şəbəkələrdə “Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək” başlıqlı paylaşmasına görə qınanan, müxtəlif sosial statusları ilə gülüş hədəfinə çevrilən Razi Nurullayev bu obrazı arxasında öz mənfəəti üçün işlər də görüb.

Əslən aid olduğu İmişlidə özünə şərait qurub. Onun köməkçisi və qardaşı vasitəsilə rayonun Nurlu kəndinin otlaq, örüş sahələrini ələ keçirdiyini, buradakı 1036 ədəd ağac kəsdirdiyini yazmışdım. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza rəyi də var. Bu günə kimi Milli Məclisin deputatı Razi Nurullayev deyilənlərə münasibət bildirməyib. Bu yalnız xatırlatdığım bir faktdır. Deputat toxunulmazlığından sui-istifadə edib camaatın torpaq sahələrini ələ keçirtmək heç bir əndazəyə sığmır. Bu adamın dedikləri əməlləri ilə tərs mütənasibdir. Heç olmasa bu toydan sonra xalqa sadəlik moizələri oxumasın.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki