Avstraliya hökuməti 16 yaşdan aşağı uşaqlara sosial media hesabı açmağı qadağan edən yeni qanun layihəsinə “YouTube” platformasını da əlavə edib. Daha əvvəl platformanın bu qadağadan azad olacağı açıqlansa da, sonradan qərar dəyişdirilib. Yeni qanuna əsasən, 2025-c İilin dekabr ayından etibarən “TikTok”, “Instagram”, “Facebook”, “X” və “Snapchat”la yanaşı, “YouTube”da da 16 yaşdan aşağı şəxslərin hesab yaratmasına icazə verilməyəcək.
Uşaqlar videoları izləməyə davam edə biləcəklər, lakin platformada video yükləmək və digər funksiyalardan istifadə üçün hesab aça bilməyəcəklər. Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir? Azyaşlıların sosial şəbəkələrdən istifadəsi Azərbaycanda da qanunla məhdudlaşdırıla bilərmi? Uşaqları sosial şəbəkələrin təhlükəsindən necə qorumalıyıq?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Referans-a açıqlamasında bildirib ki, bu çox aktual və cəmiyyətin diqqət mərkəzində olan bir məsələdir. Sosial şəbəkələr azyaşlılar üçün həm imkanlar, həm də ciddi risklər yaradır. Bu səbəbdən uşaqların onlardan istifadəsinə yaş məhdudiyyəti gətirilməsi bir çox ölkələrdə qanunvericilik səviyyəsində müzakirə olunur.
Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir?
Elvin Abbasov vurğulayıb ki, psixoloq və rəqəmsal təhlükəsizlik mütəxəssisləri ümumiyyətlə sosial şəbəkələrə giriş üçün ən azı 13 yaşını tövsiyə edirlər. Lakin Avstraliya nümunəsində gördüyümüz kimi bu yaş həddi 16-ya qədər artırıla bilər. Bu, uşaqların emosional inkişafı, özünüqavrama bacarığı və rəqəmsal davranışları qiymətləndirmə qabiliyyəti ilə bağlıdır. Uşaqların psixoloji dayanıqlığı və şəxsi sərhəd anlayışı tam formalaşmadığından, sosial media onları kiberzorakılıq, təhrif olunmuş bədən təsəvvürü, asılılıq və sosial müqayisə kimi risklərə məruz qoya bilər.
Azərbaycanda qanunla məhdudlaşdırmaq mümkündürmü?
Müsahibimiz açıqlamasında onu da qeyd edib ki, Azərbaycanda bu istiqamətdə hazırda konkret yaş məhdudiyyəti müəyyən edən bir qanun yoxdur. Bununla belə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun uşaqların zərərli informasiyadan qorunması prinsiplərini əhatə edir. Gələcəkdə sosial şəbəkə istifadəsi ilə bağlı yaş həddi müəyyən edən ayrıca normativ hüquqi aktın hazırlanması mümkündür. Lakin bu addım yalnız qadağa deyil, maarifləndirmə və texnoloji həllər (məsələn, valideyn nəzarəti, süni intellektə əsaslanan filtr sistemləri) ilə müşayiət olunmalıdır.
Uşaqları internetin təhlükəli məqamlarından necə qoruya bilərik?
Elvin Abbasov onu da deyib ki, uşaqları qorumağın ən effektiv yolu təhsil və valideyn nəzarətinin gücləndirilməsidir. Rəqəmsal savadlılıq məktəb yaşlarından etibarən tədris olunmalı, uşaqlara rəqəmsal məkanda davranış qaydaları öyrədilməlidir. Valideynlər üçün isə rəqəmsal nəzarət alətləri, təhlükə siqnalları və təhlükəsizlik ayarlarını anlamağa yardım edən proqramlar təqdim olunmalıdır. Platformaların özlərinin də uşaqlar üçün nəzərdə tutulmuş versiyaları olmalı və yaş təsdiqi sistemləri gücləndirilməlidir.
“Nəticə olaraq, bu məsələ yalnız texniki və ya hüquqi yanaşma ilə deyil, psixoloji, pedaqoji və texnoloji baxışların inteqrasiyası ilə həll edilməlidir. Azərbaycanda da bu istiqamətdə sistemli addımların atılması günümüzdə zərurətə çevrilib”, – deyə Elvin Abbasov qeyd edib.
Məmmədov Hüseyn
Referans.az