“Qardaşım oğlu başqa ölkənin vətəndaşıdır, qohum olduğu ailə də başqa ölkənin vətəndaşıdır. Qərar verib 50 nəfərlik toy ediblər. Mən parlamentdə toylarda israfçılığa və yüksək səsə qarşı çıxış etmişəm və bu gün də mövqeyim dəyişməyib. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs. Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram.” bu sözləri deputat Razi Nurullayev deyib.
Referans Media xəbər verir ki, bu yaxında qardaşı, tikinti maqnatı Hasil Nurullayev oğluna Dubayın beşulduzlu hotellərindən birində toy keçirdib. Məclisin dəbdəbəsi, hoteldəki yüksək qiymətlər, toya Bakıdan müğənnilərin, aparıcının, personalın dəvət olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəlkə də sıradan bir xəbər kimi yanaşılardı.
Amma bəyin deputat əmisi Razi bəyin həmişə çıxıb sadəlikdən danışması, qənaətcil olmağı tövsiyə etməsi müqabilində öz doğmalarının harınlığına susması, bunu müxtəlif sözlərlə pərdələməsi heç də yaxşı rəy yaratmayıb. Onun məntiqinə görə başqalarına öyüd-nəsihət verə bilər, ancaq öz doğma qardaşına, onların övladlarına heç bir söz deyə bilməz. Yaxınına sözünü deyə bilməyib uzaqdakılara həyat dərsi keçmək bir az səmimi görünmür, Razi bəy. Seçki prosesində özünüzü “sadə insan” obrazında göstərməyinizə hələ kimdəsə bir az inam qalmışdısa, yəqin o da sabun köpüyü kimi yox olub uçar.
Toyda israfçılıq olmadığını deyirsiniz. Müğənninin birinə 100 min manat, aparıcıya 25 min manat qonorar ödəmək israfçılıq deyil, bəs nədir? Xarici ölkədə dünyada məşhur olan məkanda toy qurmağı sadə məclis hesab edirsinizsə, onda sizin meyara görə dəbdəbənin dəyəri necə ölçülür?
Dünya böyük olsa da müasir texnoloji imkanlar onu dar və əlçatan edib. Burada nağıl danışsanız da ərəb çöllərində nağıl yaşamağınız bir an içində məlum oldu. Odur ki, xalq gözünün tərəzi olduğunu unutmayın.
Sima Babayeva























