DOLLARLA BAĞLI TƏCİLİ XƏBƏR GƏLDİ – Manatın məzənnəsi necə olacaq?

Dolların qlobal bazarlarda yenidən güclənməsi fonunda “manat təhlükə altındadırmı?”, “devalvasiya riski artırmı?” sualları yenidən gündəmə gəlib. Geosiyasi gərginliklər, enerji bazarındakı dəyişikliklər və dünya iqtisadiyyatında qeyri-müəyyənliklər bir çox ölkələrin milli valyutalarına təzyiq yaradır. Ekspertlər isə xəbərdarlıq edir ki, hazırkı sabit görüntüyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı hələ də xarici şoklara qarşı həssas olaraq qalır.

Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, son dövrlərdə qlobal maliyyə bazarlarında müşahidə olunan dolların güclənməsi əsasən artan geosiyasi risklər, ABŞ iqtisadiyyatının nisbətən dayanıqlı mövqeyi və dolların “təhlükəsiz liman” statusu ilə izah olunur. Onun sözlərinə görə, buna baxmayaraq, mövcud dinamikanın uzunmüddətli və sabit trend kimi qiymətləndirilməsi hələ tezdir:

“Bazar davranışları daha çox dalğavari və mərhələli xarakter daşıyır. 2026-cı il perspektivində qlobal proqnozlar göstərir ki, dollar qısamüddətli dövrlərdə güclü qalmaqla yanaşı, orta müddətdə yumşalma potensialına da malikdir. FED-in faiz siyasətində mümkün dəyişikliklər, geosiyasi gərginliklərin azalması və enerji bazarındakı tənzimlənmələr bu prosesə təsir göstərə bilər”.

İqtisadçı qeyd edib ki, beynəlxalq maliyyə institutlarının bəzi qiymətləndirmələrinə görə, 2026-cı ilin ikinci yarısında dollar indeksində korreksiya ehtimalı da mövcuddur.

Asif İbrahimovun sözlərinə görə, “dollarsızlaşma” prosesi real olsa da, bu, uzun vaxt aparan və mürəkkəb prosesdir:

“BRICS ölkələri və bir sıra regional iqtisadi bloklar arasında milli valyutalarla ticarətin genişlənməsi, alternativ ödəniş sistemlərinin formalaşması və qızıl ehtiyatlarının artırılması real iqtisadi meyillər yaradır. Lakin dolların qlobal maliyyə sistemindəki institusional rolu, SWIFT infrastrukturu və sanksiya mexanizmləri onun dominant mövqeyini hələ də qoruyur”.

Ekspert vurğulayıb ki, yaxın perspektivdə dolların qlobal sistemdən sıxışdırılması real ssenari hesab edilmir və daha çox çoxvalyutalı, balanslaşdırılmış sistemə doğru keçid müşahidə olunur.

İqtisadçı Azərbaycanın iqtisadi vəziyyətinə də toxunaraq bildirib ki, əsas həssaslıq valyuta məzənnəsindən daha çox qlobal enerji qiymətləri və idxal inflyasiyası ilə bağlıdır:

“Manatın sabitliyi hazırda əsasən neft-qaz gəlirləri, Dövlət Neft Fondunun valyuta ehtiyatları, Mərkəzi Bankın bazar müdaxilə imkanları və ümumi strateji valyuta ehtiyatları ilə təmin olunur”.

Bununla belə, ekspert struktur risklərin qalmaqda davam etdiyini deyib. Onun sözlərinə görə, iqtisadiyyatın ixrac gəlirlərində enerji sektorunun dominantlığı, yüksək idxal asılılığı və daxili istehsalın məhdud inkişafı manatın dayanıqlığını xarici konyunkturaya həssas edir.

“Dolların möhkəmlənməsi idxal qiymətləri vasitəsilə birbaşa inflyasiya təzyiqləri yaradır və xüsusilə ərzaq, sənaye və texnoloji məhsulların bahalaşmasına səbəb ola bilər”, – deyə o əlavə edib.

Asif İbrahimov hesab edir ki, mövcud şərtlər daxilində manatın yaxın dövrdə kəskin devalvasiyası əsas ssenari deyil. Lakin o vurğulayıb ki, hazırkı sabitlik daha çox xarici gəlir axınları və valyuta ehtiyatları hesabına qorunur.

Ekspertin fikrincə, uzunmüddətli perspektivdə əsas çağırış iqtisadi modelin struktur transformasiyasıdır:

“Qeyri-neft sektorunun dayanıqlı və rəqabətqabiliyyətli inkişafı, yerli istehsalın genişlənməsi, məhsuldarlığın artırılması və iqtisadi diversifikasiya həyata keçirilmədiyi təqdirdə, xarici şoklara qarşı həssaslıq yüksək olaraq qalacaq”.

İqtisadçı sonda qeyd edib ki, mövcud iqtisadi model qısa və orta müddətdə makroiqtisadi sabitliyi təmin etsə də, uzunmüddətli dayanıqlılıq üçün struktur islahatların dərinləşdirilməsi həlledici əhəmiyyət daşıyır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki