image-prez-13-900x600backend

Dünyanın gözü Bakıda: Qlobal forumda mühüm mesajlar verildi

Martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda beynəlxalq ekspertlər və dövlət xadimlərinin iştirakı ilə müasir dünyanın geosiyasi və təhlükəsizlik çağırışları müzakirə edildi. Forum Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün oynadığı strateji rolu ön plana çıxardı.

Azərbaycanın təşəbbüsləri və konstruktiv diplomatiya modeli digər ölkələr üçün nümunə ola bilərmi? Bu yanaşmanın uzunmüddətli regional sabitliyə təsiri necə qiymətləndirilir?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan deputat Rövşən Muradov deyib ki, Prezident İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlərdəki transformasiyaların müzakirəsi üçün mühüm platforma oldu:

“Forumun “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu XXI əsrin mürəkkəb geosiyasi və təhlükəsizlik çağırışlarını əks etdirir. Forum yalnız fikir mübadiləsi deyil, həm də beynəlxalq əməkdaşlıq üçün yeni konseptual yanaşmaların formalaşdığı intellektual mərkəz rolunu oynayır. Müasir dünya siyasi arxitekturası “keçid mərhələsində”dir. Sabit güc balansı artıq çoxsaylı risklər, regional münaqişələr və enerji-nəqliyyat rəqabəti ilə əvəzlənir. Bu kontekstdə İlham Əliyev forumda qeyd edib ki, “təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində prioritet olmalıdır”.

 

Deputatın sözlərinə görə, Azərbaycanın mövqeyi region üçün xüsusi əhəmiyyət daşıyır:

“Ölkə işğal altında olan ərazilərini hərbi-siyasi vasitələrlə azad edib və indi regionda sülh gündəliyinin formalaşdırılmasına üstünlük verir. Ermənistanla sülh sazişinin paraflanması və ikitərəfli dialoqun qurulması Azərbaycanın müstəqil və konstruktiv xarici siyasətinin göstəricisidir. Forumda enerji təhlükəsizliyi də əsas mövzulardan biri oldu. Azərbaycan qlobal enerji təminatının vacib təminatçılarından biridir və Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması layihələri ilə həm iqtisadi, həm də geosiyasi sabitliyi təmin edir. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində formalaşdırdığı infrastruktur ölkəni regional və qlobal logistika mərkəzinə çevirir”.

R.Muradov əlavə edib ki, Ermənistanla sülh perspektivi enerji və nəqliyyat layihələrinin regional inteqrasiyasını genişləndirir və Cənubi Qafqazı yalnız geosiyasi rəqabət zonası deyil, həm də əməkdaşlıq platformasına çevirir:

“Nəticə etibarilə, XIII Qlobal Bakı Forumu Azərbaycanın qlobal siyasətdə artan rolunu və strateji düşüncə mərkəzi kimi mövqeyini təsdiqləyir. Forum, milli güc, müstəqil diplomatiya və konstruktiv əməkdaşlıq prinsipləri birləşdiyi zaman dövlətlərin həm öz təhlükəsizliyini, həm də regionun sabitliyini təmin edə biləcəyini nümayiş etdirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki