Bu gün axşam saatların Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın ABŞ-ın paytaxtı Vaşinqtonda görüşü baş tutacaq.
Mərhələli şəkildə keçiriləcək görüşlər Bakı vaxtı ilə 00:15-də Tramp, İlham Əliyev, Paşinyan arasında üçtərəfli imzalanma mərasimi ilə yekunlaşacaq.
Görüşün mümkün nəticələrindən birinin Zəngəzur dəhlizinin açılması olduğu qeyd olunur.
Görüşdə Zəngəzur dəhlizinin açılmasına qərar veriləcəkmi? Dəhlizə nəzarət məsələsi necə tənzimlənəcək? Vaşinqton görüşündə başqa hansı qərarlar gözlənilir?
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan Referans-a açıqlamasında bu sualları cavablandıb.
“Təbii ki, dünən və bu gün ABŞ-da keçirilən görüş Azərbaycan-Ermənistan və Azərbaycan-ABŞ münasibətləri üçün, eləcə də Cənubi Qafqaz üçün çox əhəmiyyətli hadisədir. Bundan əvvəl də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyanla görüş baş tutub amma bu görüş çərçivəsində xüsusi bir sənəd imzalanmasa da, bəyanat verildi ki, tərəflər sülh sazişi imzalamağa yaxındırlar. Bundan sonrakı dövrdə Azərbayan və Ermənistan bildirdi ki, sülh sazişi ilə bağlı mətn hazırdır. ABŞ rəhbərliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı dəstəyini bəyan etdi. Hadisələr onu göstərir ki, ABŞ Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılığın reallaşmasına, onun sənədlərlə təsdiq edilməsinə çalışır. Odur ki, bu gün bir sıra sənədlərin imzalanması nəzərdə tutulsa da, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün böyük bir addım atılması gözlənilir”.
Siyasi şərhçi qeyd edib ki, yayılan xəbərlərdən bu nəticəyə gəlmək olar ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması prosesi gözlənilir. Nəticədə ATƏT-in Minsk qrupunun təmamilə ləğv olunması, Zəngəzur yolu ilə bağlı mühüm sənədin qəbul olunması və Azərbaycan-ABŞ arasında əməkdaşlıq məsələsi nəzərdə tutulur.
“Artıq bunun üçün ilkin memorandum ABŞ-nin Exxon neft-qaz şirkəti ilə Azərbaycan arasında sənədin imzalanması əməkdaşlığın inkişafından xəbər verir. Zəngəzur yolunun açılması ilə bağlı böyük bir addımın atılacağı da istisna edilmir. Əvvəlcədən elan edildiyi kimi hesab edirəm ki, dəhlizə nəzarət məsələsi tərəflərin razılığı ilə ABŞ-ə verilə bilər. İndiki situasiyada Zəngəzurla bağlı yol layihəsinin reallaşması təzyiqlər çoxdur. Bunu aradan qaldırmaq üçün həmin yolun aparıcı birinin nəzarəti altına verilməsi digərlərinin susmasına səbəb ola bilər. Hesab edirəm ki, avqustun 7-i və 8-də keçirilmiş görüşlər, imzalanmış sənədlər Cənubi Qafqaz üçün, eləcə qlobal miqyasda əməkdaşlıq, iqtisadi əlaqələr, kommunikasiya əlaqələri üçün çox böyük fürsətdir və yeni dövr üçün böyük addımın atılmasıdır”.
Fidan Vəlisoy
