Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti ucuzlaşıb. Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr ayı üzrə bir troya unsiyası üçün fyuçers qiyməti 0,22 faiz azalaraq 3 427,3 ABŞ dollarına enib. Gümüşün sentyabr ayı üzrə bir unsiyası isə 0,03 faiz ucuzlaşaraq 37,81 ABŞ dolları olub.
Bu azalma Azərbaycanda da qızılın qiymətinə təsir göstərə bilərmi?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qızılın qiyməti dünya bazarlarında tez-tez dəyişir:
“Qızılın qiyməti dollar indeksindən və geosiyasi gərginliklərdən asılı olaraq dəyişir. Azərbaycan bazarı həmin vaxt ucuzlaşmaya getmir. Lakin təəssüf ki, bizdə qiymətlər artan kimi dərhal reaksiya verirlər, qiymətləri o dəqiqə qaldırırlar. Amma dünya birjalarında ucuzlaşma olduqda qiymətlər daha yavaş və ehtiyatla aşağı salınır”.
Ekspertin sözlərinə görə, dünya birjalarında müşahidə olunan qiymət dəyişiklikləri gec-tez Azərbaycanın daxili bazarına da təsir edir:
“Əgər bu ucuzlaşma tendensiyası davamlı və dərin xarakter alarsa, yəni bir günlük və ya bir həftəlik yox, uzunmüddətli olarsa bu, Azərbaycan bazarından da yan keçməyəcək. Təbii ki, bu vəziyyət daxili bazarda da qiymətlərin enməsinə səbəb ola bilər”.