Fermerlərə ŞAD XƏBƏR VERİLDİ: Məhsul şəhadətnaməsi gəlir

Azərbaycanda tətbiqi nəzərdə tutulan məhsul şəhadətnaməsi mexanizmi fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatında müəyyən maliyyə riskləri də yarada bilər. Xüsusilə məhsul itkisi, bazar qiymətlərinin dəyişməsi və borc öhdəliklərinin yerinə yetirilməsi məsələləri yeni mexanizmin tətbiqində diqqət yetirilməli məqamlardandır.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məhsul şəhadətnaməsi mexanizminin əsas üstünlüyü fermerin məhsulu hələ yetişməmişdən əvvəl maliyyə əldə edə bilməsidir. Bu, xüsusilə toxum, gübrə, yanacaq və digər istehsal xərclərini mövsümün əvvəlində qarşılamaqda çətinlik çəkən təsərrüfatlar üçün əhəmiyyətlidir.

Onun sözlərinə görə, mexanizm fermerə gələcək məhsulunu təminat kimi göstərərək bankdan, bank olmayan kredit təşkilatından və ya təchizatçıdan vəsait almaq imkanı yaratmağı nəzərdə tutur. Qanun layihəsi 2026-cı il oktyabrın 23-də Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Akif Nəsirli qeyd edib ki, mexanizmin faydalı olması onun hansı şərtlərlə tətbiq ediləcəyindən asılıdır. Fermer gələcək məhsuluna güvənərək borc götürsə də, kənd təsərrüfatında əvvəlcədən planlaşdırılan həcmdə məhsul əldə olunacağına zəmanət yoxdur. Quraqlıq, su çatışmazlığı, xəstəliklər, zərərvericilər və digər gözlənilməz hallar məhsuldarlığı azalda bilər. Belə vəziyyətdə fermer həm məhsul itkisi ilə üzləşə, həm də götürdüyü borcu qaytarmaq məcburiyyətində qala bilər.

İqtisadçı xüsusilə kiçik təsərrüfatların vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, böyük təsərrüfatlar məhsul itkisini müxtəlif əkin sahələri və istehsal istiqamətləri hesabına qismən kompensasiya edə bilirlər. Kiçik fermerlərin gəliri isə çox vaxt bir və ya iki məhsuldan asılı olur. Məhsuldarlıq aşağı düşdükdə onların borcu qaytarmaq üçün başqa gəlir mənbəyi olmaya bilər.

Akif Nəsirli bildirib ki, qanun layihəsində məhsulun öhdəliyin icrası üçün kifayət etmədiyi hallarda alternativ təminat məsələsi də nəzərdə tutulur. Bu səbəbdən mexanizm fermerlərə əlavə maliyyə imkanı yaratmaqla yanaşı, müəyyən hallarda borc riskini də artıra bilər.

“Bu riski önləmək üçün fermer mütləq məhsulunu Aqrar Sığorta Fondunda sığortalamalıdır. Qanuna görə, sığorta haqqının 50 faizini dövlət ödəyir”, – deyə iqtisadçı qeyd edib.

O, digər mühüm məsələnin gələcək məhsulun satış qiyməti olduğunu bildirib. Fermer maliyyəni məhsulun müəyyən həcmdə və ya dəyərdə olacağı hesabı ilə əldə edə bilər, lakin yığım vaxtı bazar qiymətləri aşağı düşə bilər. Əldə olunan gəlir borcun ödənilməsinə çatmadıqda isə fermer maliyyə çətinliyi ilə üzləşə bilər.

Bu səbəbdən müqavilələrdə məhsulun miqdarı, keyfiyyəti, qiymətinin müəyyənləşdirilməsi, ödəniş müddəti və məhsul itkisi zamanı tərəflərin məsuliyyəti aydın göstərilməlidir.

İqtisadçının fikrincə, mexanizmin səmərəli işləməsi üçün ilk növbədə kənd təsərrüfatı sığortası ilə əlaqələndirmə gücləndirilməlidir. Təbii fəlakət və sığorta təminatına daxil olan digər risklər nəticəsində məhsul itkisi baş verdikdə, fermerin borc öhdəliyini necə yerinə yetirəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.

Eyni zamanda, banklar kredit verərkən yalnız gözlənilən məhsulun həcmini deyil, fermerin əvvəlki illərdəki nəticələrini, təsərrüfatın imkanlarını və risk səviyyəsini də qiymətləndirməlidirlər.

Akif Nəsirli kiçik fermerlər üçün sadələşdirilmiş prosedurların, münasib maliyyələşmə şərtlərinin və məsləhət xidmətlərinin yaradılmasının da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, elektron kənd təsərrüfatı informasiya sistemində məlumatların düzgün aparılması, məhsuldarlıq göstəricilərinin real qiymətləndirilməsi və fermerlərin müqavilə şərtlərini başa düşməsi təmin edilməlidir. Əks halda, hüquqi və maliyyə savadlılığı aşağı olan istehsalçılar öhdəliklərinin nəticələrini tam qiymətləndirmədən borclana bilərlər.

İqtisadçı hesab edir ki, məhsul şəhadətnaməsi aqrar sahədə maliyyə imkanlarını genişləndirə və fermerlərin istehsala vaxtında başlamasına kömək edə bilər. Lakin mexanizm yalnız kreditə çıxış yaratmaqla kifayətlənməməli, fermerlərin məhsul itkisi və bazar dəyişiklikləri qarşısında müdafiəsini də nəzərə almalıdır.

“Əsas məqsəd fermerin gələcək məhsulunu bu gün maliyyə mənbəyinə çevirmək, amma sabah məhsul əldə edə bilmədiyi üçün onu ağır borc yükü ilə üz-üzə qoymamaq olmalıdır”, – deyə Akif Nəsirli bildirib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki