TƏCİLİ! Prezident hər kəsin gözlədiyi SƏRƏNCAMI imzaladı - Önəmli dəyişiklik olacaq

Prezident İlham Əliyevin sərəncamı ilə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması tikinti sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Yeni komissiyanın fəaliyyətinin tikinti layihələrinin həyata keçirilməsində mövcud problemlərin aradan qaldırılmasına və qurumların fəaliyyətinin daha sistemli təşkilinə xidmət edəcəyi gözlənilir.

Mövzu ilə bağlı Referans Media-ya açıqlamasında iqtisadçı Elnur Azadov bildirib ki, komissiyanın yaradılması tikinti layihələrinin həyata keçirilməsi zamanı dövlət nəzarətinin və qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.

Dövlət qurumları arasında koordinasiya gücləndiriləcək
“Demək olar ki, bu komissiya hökumətin tikinti layihələrinin həyata keçirilməsində dövlət nəzarətinin gücləndirilməsi və qurumlar arasında əlaqələndirmənin təmin olunması istiqamətində atdığı addımdır. Komissiyanın tərkibinə müxtəlif nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti qurumların rəhbər şəxslərinin daxil edilməsi də bunu göstərir.

Diqqət yetirsək, komissiyada nazir müavinləri, komitə rəhbərlərinin müavinləri və digər dövlət qurumlarının məsul şəxsləri təmsil olunurlar. Bu, tikinti layihələrinin həyata keçirilməsi zamanı ayrı-ayrı qurumların öz səlahiyyətləri çərçivəsində prosesə cəlb olunmasını və fəaliyyətlərinin əlaqələndirilməsini nəzərdə tutur.

Çünki tikinti layihələri yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır. Layihənin xüsusiyyətindən, yerləşdiyi ərazidən və görüləcək işlərin xarakterindən asılı olaraq müxtəlif dövlət orqanlarının rəyi, razılığı və ya iştirakı tələb oluna bilər. Bu baxımdan, qurumlar arasında koordinasiyanın yaradılması vacib məsələdir”.

Hər bir qurum öz səlahiyyətləri çərçivəsində iştirak edəcək
İqtisadçının sözlərinə görə, komissiyanın fəaliyyəti tikinti layihələrinin xüsusiyyətlərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarının prosesə cəlb edilməsinə imkan yarada bilər:

“Burada əsas məsələ ondan ibarətdir ki, tikinti layihəsi həyata keçirilərkən hansı dövlət qurumunun iştirakı tələb olunursa, həmin qurum prosesə cəlb edilməlidir. Məsələn, layihənin xarakterindən asılı olaraq su təchizatı, qaz, elektrik enerjisi, yol infrastrukturu, ekologiya və digər sahələr üzrə aidiyyəti qurumların rəyi lazım ola bilər.

Hər bir qurum öz fəaliyyət istiqaməti üzrə məsələyə münasibət bildirməli, zəruri hallarda müvafiq rəy və təkliflərini təqdim etməlidir. Əgər konkret layihədə hansısa qurumun səlahiyyətlərinə aid məsələ yoxdursa, həmin qurumun prosesə cəlb edilməsinə ehtiyac yaranmaya bilər.

Yəni məqsəd bütün dövlət qurumlarını hər bir tikinti layihəsinə eyni qaydada cəlb etmək deyil. Əsas məqsəd konkret layihə üzrə hansı qurumun iştirakının zəruri olduğunu müəyyənləşdirmək, onların fəaliyyətini əlaqələndirmək və mümkün problemlərin qarşısını almaqdır”.

Katibliyin yaradılması hansı məqsədə xidmət edir?
Elnur Azadov qeyd edib ki, komissiyanın fəaliyyətinin təşkili üçün katibliyin yaradılması da koordinasiya prosesinin sistemli şəkildə həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır:

“Komissiyanın Katibliyinin yaradılması qurumlar arasında əlaqələrin təşkili və müvafiq məsələlərin aidiyyəti üzrə yönləndirilməsi baxımından əhəmiyyətlidir. Burada əsas məsələ tikinti layihəsi ilə bağlı ortaya çıxan məsələlərin düzgün istiqamətləndirilməsi, aidiyyəti qurumların prosesə vaxtında cəlb olunması və onların mövqelərinin uzlaşdırılmasıdır.

Əgər tikinti layihəsi ilə bağlı müəyyən məsələ hansısa dövlət qurumunun səlahiyyətinə aiddirsə, həmin qurumun prosesdə iştirakı təmin edilməlidir. Bu cür əlaqələndirmə mexanizmi qurumların fəaliyyətinin bir-birindən ayrı şəkildə deyil, qarşılıqlı əlaqədə təşkilinə kömək edə bilər”.

Yeni mexanizm tikinti sahəsindəki problemlərin qarşısını ala bilərmi?
İqtisadçı hesab edir ki, komissiyanın yaradılması zərurəti tikinti layihələrinin həyata keçirilməsi zamanı qurumlar arasında koordinasiyanın əhəmiyyətini bir daha gündəmə gətirir:

“Görünür, tikinti layihələrinin həyata keçirilməsi zamanı müəyyən problemlərin yaranması, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə ehtiyacın artması bu məsələyə diqqəti gücləndirib. Müxtəlif qurumların maraqları və səlahiyyətləri uzlaşdırılmadıqda, layihələrin icrası prosesində çətinliklər meydana çıxa bilər.

Ona görə də burada əsas məqsəd dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, onların səlahiyyətlərinin kəsişdiyi məsələlərdə anlaşılmazlıqların yaranmasının qarşısını almaq və tikinti layihələrinin həyata keçirilməsini daha sistemli təşkil etməkdir.

Komissiyanın fəaliyyəti nəticəsində bu məsələlərin daha çevik həll olunması mümkün ola bilər. Bununla belə, mexanizmin real nəticələri onun praktikada necə tətbiq ediləcəyindən, qurumların nə dərəcədə operativ fəaliyyət göstərəcəyindən və qərarların icrasına necə nəzarət olunacağından asılı olacaq”.

Koordinasiya tikinti prosesinin səmərəliliyini artıra bilər
Beləliklə, Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması tikinti sahəsində dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, inzibati prosedurların təkmilləşdirilməsi və mümkün problemlərin qarşısının alınması baxımından yeni mexanizmin formalaşdırılması deməkdir. Bu mexanizmin səmərəliliyi isə aidiyyəti qurumların məsuliyyət bölgüsünün aydın müəyyənləşdirilməsindən, qarşılıqlı əlaqənin operativ qurulmasından və tikinti layihələrinin icrası zamanı yaranan məsələlərin vaxtında həllindən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki