Nazir açıqlama verdi: Kimlərin maaşı artırılacaq?

"Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.

Yeni paketin sosial ödənişlərin artırılmasını nəzərdə tutduğu bildirilsə də, artımların kimlərə şamil olunacağı və məbləğlərin nə qədər olacağı hələ açıqlanmayıb. Maraqlıdır, kimlərin ödənişləri arta bilər? Pensiyalar və müavinətlər nə qədər arta bilər?

Referans Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında 2027-ci ildə əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını bildirib və dövlət başçısı tərəfindən göstərişlər verilib:

Nazir açıqlama verdi: Kimlərin maaşı artırılacaq?

“O deməkdir ki, biz növbəti il yeni sosial paketin icrasını müşahidə edəcəyik. Sosial paket həm minimum pensiyada, həm minimum əməkhaqqında, o cümlədən pensiyaların, əmək pensiyalarının və sosial müavinətlərin artırılmasını özündə ehtiva edəcək. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalardakı artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Eyni zamanda, bütövlükdə sosial paketin 3 milyona yaxın vətəndaşımızı əhatə edəcəyi gözlənilir”.

Parlamentari artımların kimlərə şamil olunacağını açıqlayıb:

“Minimum əməkhaqqı artımları yalnız aşağı maaş alan vətəndaşlarımızın deyil, həm də dövlət idarələrində çalışan, amma dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqlarının artmasına gətirib çıxaracaq. Minimum əməkhaqqı artımları 700 mindən artıq vətəndaşımıza şamil olunacaq. Cənab Prezident tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı sənəd imzalandıqdan sonra Nazirlər Kabineti tərəfindən həmin fərmana, sənədə uyğun olaraq vahid tarif cədvəlinə uyğun maaş alan vətəndaşlarımızın, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqlarında artımları müşahidə edəcəyik. Bu o deməkdir ki, yalnız minimum əməkhaqlarında deyil, həm də dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqlarında artımlar müşahidə olunacaq. Ona görə də sosial paket növbəti il yenidən icra olunacaq, yenidən altıncı sosial paketi biz müşahidə edəcəyik. Artımlarla bağlı büdcə paketi müzakirəyə çıxarılan zaman artıq konkret rəqəmlər müəyyənləşəcək. Pensiyalardakı artımlar 2026-cı ildə orta illik əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçiriləcək, yenidən indeksləşdiriləcək. Digər artımlarla bağlı isə növbəti mərhələdə konkret rəqəmlərin elan olunmasını və buna uyğun olaraq da artımların həyata keçirilməsini müşahidə edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki