Bakı küçələrində hər gün müxtəlif mənzərələrlə qarşılaşırıq. Metro stansiyalarının qarşısında, yeraltı keçidlərdə, dayanacaqlarda, insanların sıx olduğu ərazilərdə dilənən qadın və uşaqlar da bu mənzərənin bir hissəsinə çevrilib. “Neftçilər” metrostansiyasının yaxınlığında da belə bir mənzərə ilə qarşılaşıram.
Bir neçə qadın yol kənarında, kölgəlikdə dayanıb. Balaca uşaqlar yerdə oturub oynayırlar. Onlardan biri əlil arabasındadır. Qadınların arasında isə bir növ “iş bölgüsü” hiss olunur: kim harada dayanacaq, kim insanlardan pul istəyəcək, kim uşağın yanında qalacaq...
Yaxınlaşıb söhbət etməyə başlayıram. Qadınlardan yaşca ən böyüyü özünü Məryəm kimi təqdim edir. Deyir ki, qızları da yanındadır. Söhbət zamanı məlum olur ki, şəxsiyyət vəsiqəsində onun adı Rəna yazılıb. 42 yaşındadır. Bakıya Bərdədən gəldiyini deyir.
Söhbətin əvvəlində qadından onların hansı millətə mənsub olduğunu soruşuram. Çünki küçədə dilənən insanların arasında tez-tez “qaraçı” ifadəsi işlədilir.
Məryəm isə bunu qəbul etmir: “Xeyr, biz əcəmi kürdləriyik. Bizim qaraçılarla əlaqəmiz yoxdur. Kürd dili bizim ana dilimizdir. Bizdə əsgər gedən də var, şəhid olan da var. Biz Azərbaycan vətəndaşıyıq”.
Məryəmin sözlərinə görə, ailəsində dilənmək nəsildən-nəslə keçən bir vərdişdir:
“Dilənmək bizdə dədə-babadan qalmış adətdir”, – deyir. Bu cümlə söhbətin ən düşündürücü məqamlarından birinə çevrilir.
Ondan soruşuram ki, əgər Bərdədə iş imkanları varsa, niyə Bakıya gəlib küçədə dilənir?
“İşləyən işləyir. Kartof, soğan yığırlar, bağda işləyirlər. Amma bizdə dilənmək adətdir. Mən də xəstə övladıma görə dilənirəm. Onun uşaq bezi var, dərman xərcləri var”.
Məryəmin beş qızı, bir oğlu var. Həyat yoldaşı isə dünyasını dəyişib. Özünün pensiya aldığını, amma həmin pulun ailənin xərclərinə çatmadığını bildirir:
“Bakıda, Suraxanıda ikiotaqlı kirayə evdə qalıram. Pensiya alıram, amma yetmir”.
Söhbət ailə həyatından düşəndə Məryəm deyir ki, onların arasında erkən nikahlar geniş yayılıb: “Bizdə 13–15 yaş arasında evlənirlər. Adət belədir. Mən özüm də 13–14 yaşımda ailə qurmuşam”. Ən böyük qızının 27 yaşı var və qızlarının hamısı ailəlidir.
Bəs küçədə dilənməkdən nə qədər gəlir əldə etmək mümkündür? Məryəm deyir ki, məbləğ hər gün eyni olmur:
“Xəstə uşaqla günə 20–30 manat toplayıram. O da çörəyə, yeməyə, uşağın bezinə və dərmanlarına gedir. Dərmanları həmişə üstümdə gəzdirirəm. Başqa günlərdə isə 15–20 manat toplayıram. Allah camaatdan razı olsun. 10–20 qəpik verirlər, 1 manat verirlər. Nə verirlərsə, şükür edirik”.
Əsasən "Əhmədli", "Qara Qarayev" və Bakıxanıov ərazilərində dayandığını, "Neftçilər" tərəfə isə bəzən gəldiyini bildirir: “Çox çətindir. İsti var, soyuq var. Çölə çıxmasaq, acından ölərik. Biz işləyə bilmirik. Allah millətimizə bərəkət versin”.
Ancaq söhbətin sonrakı hissəsində özü də etiraf edir ki, küçədə dilənməkdən narahat olduğu məqamlar var:
“Dilənəndə adamın üzünə min söz deyirlər. “Cavansan, niyə işləmirsən?” deyə qınayırlar. Adam utandığından ar eləyir. Bacım səkkiz ildir Qazaxda xadimə işləyir. Dayım qızı da xadimədir. Amma mən özüm fiziki olaraq xəstəyəm, işləyə bilmirəm. Ona görə dilənirəm”.
Ərlərinin işləmədiyi barədə fikirlərlə də razılaşmır:
“Deyirlər bizim kişilər işləmir, bu, yalandır. Bizim kişilər də fəhləlik edir, dəmirdə, tikintidə işləyirlər”.
Söhbət yanımızda olan əlil arabasındakı övladından düşür. Məryəm bildirir ki, bu şəxs artıq 26 yaşındadır. Övladı yeriyə və danışa bilmir: “O mənim övladımdır. Ona baxmaq mənim borcumdur. Ona baxmaq mənə xoşdur. Allahın verdiyi canı almaq olmaz. Qüsurlu doğulmaq isə Allahın payıdır”.
Qaraçı uşaqlarının qəsdən şikəst edilməsi ilə bağlı cəmiyyətdə səslənən iddiaları isə qəti şəkildə rədd edir: “Yalandır! İnsan öz balasının qolunu, ayağını necə qıra bilər? Onlar anadangəlmə belə doğulurlar”.
İsti havada saatlarla çöldə qalmağın uşaqların sağlamlığına təsiri barədə soruşduqda Məryəm bununla razılaşmır: “Uşağı çox qoruyanda tez xəstələnir. Buraxmalısan ki, bədəni möhkəmlənsin. Mən özüm məktəbə getməmişəm, amma uşaqlarımız gedib oxuyurlar”.
Söhbət zamanı onların hüquqi statusu ilə də maraqlanıram. Məryəm deyir ki, bütün ailə üzvlərinin sənədləri var:
“Hamımızın sənədi, vəsiqəsi var. Azərbaycan vətəndaşıyıq. Vəsiqədə adım Rəna yazılıb, amma mənə Məryəm deyirlər”.
Əslinin İrandan olduğunu, özünün isə Bərdədə doğulduğunu bildirir:
“Biz yerli millətlə eyniyik. Dinimiz, imanımız birdir. Allah hamımızı yaradıb, hamımız ona tabeyik. Novruz bayramını, Yeni ili, Qurban bayramını qeyd edirik, oruc tutur, ehsan veririk. Azərbaycan xalqı kimi biz də toylarımızı, yas mərasimlərimizi keçiririk. Üçünü, yeddisini, qırxını, ilini veririk. Mətbəximizdə də dolma, bozbaş, küftə, kartof qızartması, şorba və sulu yeməklər bişiririk”.
Küçədə isə həyat davam edir. Metrodan çıxan insanlar tələsir, kimisi qadınların yanından ötüb keçir, kimisi dayanıb cibindən pul çıxarır. Məryəm isə əlil arabasındakı övladının yanında dayanıb gözləyir./musavat.com/
