İran Azərbaycanda ABŞ bazası “tapıb”, İsrail təyyarələri “görüb” – Tehranın təlaşısının səbəbi…backend

İran Azərbaycanda ABŞ bazası “tapıb”, İsrail təyyarələri “görüb” – Tehranın təlaşısının səbəbi…

  İranın Azərbaycana qarşı ittihamları davam edir. Başına od yağdırılır, bomba və raket hücumları olur, amma bütün bunların altında yenə də Bakı ittiham olunur, hədələnir. Halbuki Azərbaycandan İrana qarşı heç bir təhlükə mövcud deyil. Nə İsrail təyyarələri Azərbaycanın hava məkanından istifadə edir, nə də ölkəmizdə ABŞ bazası yerləşir.

Bəs, bu isterikanın və ittihamların əsl səbəbi nədir?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, İran son zamanlar getdikcə Yaxın Şərqdə sıxışdırılır və təcrid edilir:

“İranın proksi qüvvələri HƏMAS, “Hizbullah”, husilər və daha sonra İranın öz qüvvələri İsrail tərəfindən Suriyada məğlub edilib. İsrail Baş naziri Benyamin Netanyahu bəyan etdi ki, İranın nüvə obyektləri vurulacaq. Bu prosesə ABŞ da cəlb olundu. Donald Tramp İranın üç nüvə obyektini bunker bombaları ilə məhv etdi. Bütün bunlar İranın apardığı yanlış siyasətin nəticəsidir. Orada yaşayan xalqlar zülm çəkir, mövcud rejim onları ağır vəziyyətdə saxlayır.

 
İran rəsmi Bakını öz rəqibi kimi görür. Bunun səbəbi Azərbaycanın milli maraqlardan çıxış edən dövlət siyasətidir. İran Azərbaycanı təsiri altına almaq üçün çox çalışsa da, bu məqsədə nail ola bilmədi. Azərbaycan İranla mehriban qonşuluq münasibətlərini qorumaq istəyir, lakin Birinci və İkinci Qarabağ müharibələri dövründə İran Ermənistanı dəstəklədi.

İrandakı səfirliyimizə edilən hücum və səbəbkarın cəzalandırılmaması fonunda iki ölkə arasında münasibətlərdə soyuqluq yarandı. Cinayətkarın edam cəzası və İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, həmçinin aparılan danışıqlar nəticəsində münasibətlərdə müəyyən yumşalmalar müşahidə olundu.

İran-İsrail gərginliyi başlayanda Azərbaycan tərəfləri danışıqlara çağırdı. İsrail əsas tərəfdaşlarımızdan biri olsa da, rəsmi Bakı müharibədə onun tərəfində olduğu barədə hər hansı mövqe nümayiş etdirmədi. İsraillə yaxın münasibətlərimiz İranda narahatlıq və qıcıq yaradır. Azərbaycan ərazisindən üçüncü ölkələrin istifadəsinə icazə verilmir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki